×
A
A
A
Sazlamalar

Heydər Əliyev dühası Azərbaycanın tarixi zəfərə gedən yoluna işıq saçan günəşdir

Bakı, 5 may, AZƏRTAC

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ölkəmizin yaşadığı bu tarixi günləri uzaqgörənliklə hiss edərək demişdi: “Gün gələcək, Azərbaycan dünyaya günəş kimi doğacaq”. Artıq əminliklə vurğulamaq olar ki, dahi şəxsiyyətin ruhu şaddır. Çünki onun bu arzusu həqiqətə çevrilib. Bütün həyatını canından çox sevdiyi vətəni Azərbaycana həsr etmiş ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü xalqımız üçün şərəfli və tarixi bir dövrə təsadüf edir.
Bu fikirləri “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı AZƏRTAC-a açıqlamasında deyib.
Ş.Rəhmanlı bildirib ki, Heydər Əliyevin 1969-cu ildə ilk dəfə Azərbaycana rəhbərlik etdiyi dövr respublikanın sosial, iqtisadi və mədəni inkişafında əvvəllər görünməyən sıçrayışlarla, ən başlıcası isə xalqın mənəvi intibahı, oyanışı, milli özünüdərk prosesləri ilə xarakterizə olunurdu. Ulu Öndərin hakimiyyəti dövründə Azərbaycan keçmiş SSRİ-nin ən qabaqcıl respublikalarından birinə çevrilmişdi. Ölkədə bütün sahələrin, o cümlədən sənaye, kənd təsərrüfatı, şəhərsalmanın inkişafı, mədəniyyət və s. inkişafı diqqət mərkəzində saxlanılırdı. Kommunist ideologiyasının hökm sürdüyü bir dövrdə Heydər Əliyev Azərbaycan xalqının milli özünüdərk və tarixi yaddaşının qorunması yolunda əzmlə çalışırdı. Dahi şəxsiyyət hələ o zaman müstəqil Azərbaycanın konturlarını cızarkən ölkə gənclərinin hərb sahəsində peşəkar kadr kimi yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail olub. Həmin gənclər daha sonra Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın ordu quruculuğunda mühüm rol oynadılar.
Heydər Əliyevin Moskvada yüksək vəzifələrdə çalışarkən vətəni Azərbaycanı bir an belə unutmadığını, dünyanın ən böyük ölkəsinin rəhbərlərindən biri olduğu dövrdə belə azərbaycançılıq məfkurəsinin nəzəri əsaslarını inkişaf etdirdiyini bildirən Ş.Rəhmanlı Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra banisi olduğu azərbaycançılıq məfkurəsini öz fəaliyyətinin təməl prinsipinə çevirdiyini bildirib. Qeyd edib ki, Ümummilli Lider ömür boyu xidmət etdiyi xalqını etnik mənsubiyyətindən, dinindən asılı olmayaraq vahid ideologiya ətrafında birləşdirməyi bacardı.
İctimai Birliyin sədri bu gün Prezident İlham Əliyevin Ümummilli Liderin ideyalarına sadiq qalaraq və azərbaycançılıq məfkurəsini rəhbər tutaraq ölkəmizin müstəqilliyinin əbədi olması uğrunda əzmlə çalışdığını vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün davam edən Vətən müharibəsində işğal altındakı torpaqları düşmən tapdağından azad edərək tarixi qələbə qazanıb. Bu misilsiz zəfər Azərbaycan xalqının Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşməsi, xalq-ordu birliyi, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların vahid amal uğrunda çalışması nəticəsində qazanıldı.
Ş.Rəhmanlı qeyd edib ki, əzəli torpaqlarımızın işğaldan azad olunması ilə başa çatan möhtəşəm zəfərdə Müzəffər Ali Baş Komandanın vurğuladığı kimi, əsas rolu Azərbaycan gəncləri oynayıblar. Vətənpərvər gənclərimiz torpaqlarımızı canları və qanları bahasına işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırıblar. Gənclərin vətənpərvər, azərbaycançılıq ideologiyasına sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti müstəsna əhəmiyyətə malikdir. Vətən müharibəsi Ümummilli Liderin siyasətinin ardıcıl davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi. Müharibədə tarixi qələbə birmənalı olaraq Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasətin, o cümlədən dövlət gənclər siyasətinin təntənəsidir. Ümummilli lider Heydər Əliyevin yürütdüyü gənclər siyasəti nəticəsində Azərbaycan gəncliyi öz parlaq, perspektiv vəd edən dövrünü yaşayır. Hazırda isə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gəncləri dövlətimizin başçısının ətrafında sıx birləşməklə Ümummilli Liderin əsasını qoyduğu uğurlu siyasəti fəal dəstəkləyirlər.

Sosial 2021-05-05 18:36:00