×
A
A
A
Sazlamalar

Bahar Muradova: 2021-2022-ci illərə dair Fəaliyyət Planı milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün nəzərdə tutulub

Bakı, 5 may, AZƏRTAC

Bu gün biz UNICEF-in Azərbaycan nümayəndəliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planını imzaladıq. Sənəd Dayanıqlı İnkişaf Məqsədlərini, eləcə də Azərbaycanın Milli İnkişaf Prioritetlərinin yerinə yetirilməsi, onların monitorinqi sahəsində milli mexanizmlərin təkmilləşdirilməsinə töhfə vermək üçün planlaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında 2021-2022-ci illərə dair Fəaliyyət Planının imzalanması mərasimində jurnalistlərə müsahibəsində AQUPDK-nın sədri Bahar Muradova deyib.
B.Muradova bildirib ki, bu, həmçinin UNICEF-in Azərbaycan üçün nəzərdə tutulan 2021-2025-ci illər üzrə sənədindən irəli gələn cari fəaliyyət planıdır və Komitənin buna qədərki fəaliyyətinin davamı kimi qəbul olunmalıdır. “Eləcə də müasir dövrün bizə diktə etdiyi çətinlikləri, problemləri və onları aradan qaldırmaq istiqamətindəki niyyətlərimizi, imzaladığımız vacib sənədləri və ondan irəli gələn vəzifələri özündə əks etdirir. Sənəddə, ilk növbədə, erkən uşaqlıq dövrünün inkişafının təşviqinə, o cümlədən sektorlararası əlaqələndirməyə və valideynlərin maarifləndirilməsi məsələləri nəzərdə tutulur. Fəaliyyət Planının icrası istiqamətində, eyni zamanda, gender əsaslı zorakılığın və uşaqlara qarşı zorakılığın, o cümlədən bullinqin, internet təhlükəsinin, erkən nikahların qarşısının alınması, bu cür hallara qarşı cavab tədbirlərinin görülməsinə, müvafiq psixososial dəstəyin göstərilməsi və digər məsələlərlə bağlı layihələrin həyata keçirilməsində UNICEF-in texniki dəstəyi nəzərdə tutulub. Həmçinin bu sahədə məlumatların toplanılması, hesabatların işlənilməsi işinə dəstək verilməsi nəzərdə tutulub.
“Biz burada komitənin yerli qurumları olan ailə və uşaqlara dəstək mərkəzlərinin iştirakı, eləcə də qeyri hökumət təşkilatlarının cəlb edilməsi ilə layihələri reallaşdırmağı planlaşdırırq. Məqsəd məlumatlandırma, maarifləndirmə, pozitiv valideynlik sahəsindəki təbliğatı genişləndirməkdir. Həmçinin insanları narahat edən pandemiya və müharibədən sonra yaranan bir sıra çağırışları, o cümlədən ailədaxili, xüsusilə uşaqlara qarşı zorakılığın, intihar hallarına gətirib çıxaran məsələlərin aradan qaldırılmasına töhfə vermək məqsədi daşıyır. Qeyd olunan vəzifələri müzakirə edərək müəyyənləşdirmişik. Sənədin üstün cəhətlərindən biri də odur ki, bu, qurumlararası əlaqələndirilmənin bir növüdür. Çünki qeyd olunan bütün məsələlər təkcə UNICEF ilə AQUPDK-nın vəzifəsi deyil. Bu, bütün əlaqədar qurumların birgə işlədiyi planın bir hissəsidir. Bizə aid olan hissəni imzaladıq. Amma bu, ümumi Fəaliyyət Planının tərkib hissəsidir. Bu prosesdə ictimaiyyətin, dövlət orqanlarının, vətəndaşların xüsusilə ailələrin yaxından iştirakı nəzərdə tutulur”, - deyə Bahar Muradova qeyd edib.

Cəmiyyət 2021-05-05 18:12:00