×
A
A
A
Sazlamalar

Azərbaycan və Rusiya arasında fitosanitar sahədə idxal-ixrac əməliyyatlarının rahat şəkildə həyata keçirilməsi üçün texniki işlər aparılır

Bakı, 5 may, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyinin Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin "Arqus-Fito" Federal Dövlət İnformasiya Sistemi arasında elektron məlumat mübadiləsinin həyata keçirilməsi ilə əlaqədar işlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Azərbaycanla Rusiya Federasiyası arasında idxal–ixrac əməliyyatlarının operativləşdirilməsi, verilmiş müvafiq sertifikatlarının təhlükəsizliyinin və tamlığının qorunması, elektron məlumat mübadiləsinin həyata keçirilməsi məqsədilə bu iki ölkənin həmin qurumlarının informasiya sistemləri arasında inteqrasiya planlaşdırılır. Hazırda sistemlər arasında məlumat mübadiləsinin həyata keçirilməsi sahəsində texniki işlər aparılır.
Sistemlər arasında inteqrasiya həyata keçdikdən sonra Azərbaycandan ixrac olunan fitosanitar məhsullarına Qida Təhlükəsizliyi Agentliyi tərəfindən verilən sertifikat "Arqus-Fito" sisteminə ötürüləcək və qarşı ölkə sertifikatın doğruluğunun yoxlanmasını sistemlə təmin etmiş olacaq. Bu isə vaxt baxımından real rejimdə təsdiqlənmənin, eləcə də sahibkarların daha rahat ixrac əməliyyatları həyata keçirməsinə şərait yaradacaq. Bununla yanaşı, sistemlər arasında olan məlumat mübadiləsi imkan verəcək ki, hər hansı bildiriş real vaxt rejimində görünsün və buna uyğun tədbirləri ləngimədən həyata keçirmək mümkün olsun.

Sosial 2021-05-05 17:16:00