×
A
A
A
Sazlamalar

DİN: Xüsusi karantin rejimi dövründə bütün kütləvi tədbirlərin keçirilməsi qadağandır

Bakı, 5 may, AZƏRTAC

Daxili İşlər Nazirliyi sosial şəbəkələrin bəzi istifadəçiləri tərəfindən polisin guya Sabunçu rayonunda dini mərasimlərin qarşısını alaraq zorakılıq etməsi ilə bağlı yayılan əsassız paylaşımlara münasibət bildirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublika ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun olaraq, bütün kütləvi tədbirlərin təşkili və keçirilməsi qadağandır.
Keçirilən mərasimlərin məqsədindən asılı olmayaraq, beş nəfərdən artıq şəxsin bir yerdə cəmlənməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarının pozulmasıdır. COVID-19 infeksiyasına yoluxma təhlükəsini nəzərə alaraq, ayrı-ayrı ünvanlarda kütləvi toplaşmalarla müşayiət olunan halların qarşısı alınıb. Həmin şəxslərin hər biri ilə profilaktik söhbətlər aparılıb və barələrində inzibati tənbeh tədbirləri tətbiq olunub.
İnfeksiya şəraitində hər bir şəxs epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimi qaydalarına və özünütəcrid tədbirlərinə ciddi əməl etməlidir.
Ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin qayda və tələblərinin mühafizəsində daxili işlər orqanları tərəfindən gücləndilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Hadisə 2021-05-05 16:26:00