×
A
A
A
Sazlamalar

“Oyaq gözəl” tamaşası onlayn göstəriləcək

Bakı, 5 may, AZƏRTAC
Mayın 9-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı “Oyaq gözəl” tamaşasını nümayiş etdirəcək.
AZƏRTAC xəbər verir ki, tamaşa teatrın yutub kanalında saat 12.00-da göstəriləcək.
Tanınmış rus uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.
Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyünü təşkil edir.
Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.
Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.

 

Teatr və kino 2021-05-05 11:32:00