×
A
A
A
Sazlamalar

Niderlandda keçirilən aksiyalarda Ermənistandan minalanmış ərazilərin xəritələrini Azərbaycana verməsi tələb olunub

Haaqa, 24 aprel, AZƏRTAC

Aprelin 24-də Niderland Krallığında yaşayan soydaşlarımız Ermənistanın minalanmış ərazilərin xəritələrini Azərbaycana verməməsi ilə bağlı etiraz aksiyaları keçiriblər.
AZƏRTAC xəbər verir ki, aksiyalardan biri Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Maisə Ağamirzəyevanın təşkilatçılığı ilə Haaqada Ermənistan səfirliyinin qarşısında baş tutub. Səssiz aksiyada soydaşlarımızla yanaşı, yerli sakinlər də iştirak ediblər.
COVID-19 epidemiyasına görə aksiyada çoxlu sayda insan toplaşmasına icazə verilməsə də, sanitar qaydalara riayət etmək şərti ilə kifayət qədər soydaşımız Ermənistan səfirliyinin qarşısına toplaşıb.
Aksiya iştirakçıları Ermənistanın 30 il ərzində işğal altında saxladığı torpaqlarımızda yerləşdirdiyi minaların xəritələrini Azərbaycana verməkdən imtina etməsinə etiraz olaraq müxtəlif plakatlar nümayiş etdiriblər. Həmçinin yerə Niderlandda matəm rəngi olan ağ rəngli ayaqqabılar düzülüb. Bununla soydaşlarımız azərbaycanlıların ermənilər tərəfindən qətlə yetirildiyini, ermənilərin qatil olduğunu bildiriblər.
“Ana Vətən” Avropa Azərbaycanlı Qadınlar Assosiasiyasının təşkilatçılığı ilə isə Amsterdam şəhərinin səmasında hava reklamı təşkil edilib. Aksiya çərçivəsində “Azərbaycanı minalardan azad et!” yazılmış lent təyyarə vasitəsilə səmada dalğalanıb.
Avropa Azərbaycanlıları Media qrupunun təşəbbüsü və Diaspora Komitəsinin dəstəyi, həmçinin Belçika -Niderland Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Emin Əliyevin təşəbbüsü ilə isə Niderlandın Barneveld, Venlo və Zoetermeer-Haaga şəhərlərində avtobanların kənarında minaların insanları qətlə yetirməsini əks etdirən bildbordlar yerləşdirilib. Bildbordlarda “#ArmenianWarCrimes” həştəqi ilə “Ermənistan mina xəritələrini verməyərək, müharibə cinayəti törətməkdə davam edir”, “Mina xəritələri olmadan azərbaycanlı məcburi köçkünlər evlərinə qayıda bilmir”, “Ermənistan tərəfi yalanlar söyləyir, məqsədləri azərbaycanlı məcburi köçkünlərin azad edilmiş torpaqlara qayıdışını gecikdirməkdir” kimi şüarlar yazılıb. Plakatlarda mina partlayışını, azad edilmiş ərazilərimizdən tapılan minaları əks etdirən şəkillər nümayiş olunur.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri
Haaqa

Diaspor 2021-04-24 16:31:00