×
A
A
A
Sazlamalar

Yaponiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatı qondarma “erməni soyqırımı” barədə bəyanat yayıb

Tokio, 24 aprel, AZƏRTAC

Tokioda fəaliyyət göstərən Azərbaycan Yaponiya Dostluq Mərkəzi aprelin 24-də qondarma “erməni soyqırımı” ilə bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, bu barədə agentliyin Yaponiyada fəaliyyət göstərən xüsusi müxbirinə Mərkəzin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər məlumat verib. Hər il aprelin 24-də ermənilərin bütün dünyada heç bir tarixi fakta arxalanmayan qondarma ”erməni soyqırımını” “qeyd etdiyini” xatırladan X.Kələntər, əksinə tarixi mənbələrin 1915-ci ildə baş verən hadisələr zamanı məhz ermənilərin silahsız, əliyalın türklərə qarşı divan tutduğunu bildirib. Xatırladıb ki, həmin vaxt milli və dini mənsubiyyətinə görə minlərlə türk-müsəlman kəndləri yandırılıb, on minlərlə dinc sakin qətlə yetirilib.
Yaponiya parlamentinə, hökumətinə, kütləvi-informasiya vasitələrinə, beyin mərkəzlərinə və qeyri-hökumət təşkilatlarına göndərilən bəyanatın mətni barədə məlumat verən mərkəzin sədri bildirib ki, məqsədimiz həmin hadisələrin ermənilər tərəfindən uydurulduğunu qeyd etməklə yanaşı, diqqəti ötən ilin payızında baş vermis Vətən müharibəsinə cəlb etmək idi. Bu döyüşlərdən sonra 30 ilə yaxın bir dövrdə işğal altında qalmış torpaqların azad edilməsinə baxmayaraq, Ermənistan ordusu tərəfindən bu ərazilərdə basdırılmış minalar barədə məlumatların hələ də Azərbaycan tərəfinə təqdim olunmamasına diqqətin cəlb etməkdən ibarət idi.
Sənəddə bildirilir ki, Ermənistan 30 ilə yaxın davam edən işğal dövründə Azərbaycan torpaqlarında çoxlu sayda mina basdırıb. Beynəlxalq humanitar hüquqa əsasən bu, Azərbaycanın mülki əhalisinin hüquqlarını kobud şəkildə pozur. Ermənistan minalardan məqsədli şəkildə istifadə edərək bunu Azərbaycanın mülki əhalisinə qarşı yönəldib və bu, həmin ölkənin hərbi cinayətlərinə bir nümunədir. Bu həm də Ermənistanın beynəlxalq öhdəliklərinə ziddir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, Ermənistan Azərbaycan tərəfinə minalanmış ərazilərin xəritəsini təqdim etmir.
Bəyanatda xüsusi vurğulanır ki, erməni tərəfi hərbi əhəmiyyəti olmayan əraziləri minalayıb, bu isə mülki vətəndaşlar üçün təhlükə mənbəyi yaradır. Nəticədə ərazilər təhlükəli olduğundan onlar hələ də öz evlərinə dönə bilmirlər. İşğaldan azad edilmiş torpaqların minalanması bu gün orada quruculuq işlərinin həyata keçirilməsinə də mane olur.
Qeyd edilir ki, Azərbaycan Vətən müharibəsindən əldə olunmuş tarixi qələbədən sonra azad olunmuş ərazilərdə geniş quruculuq işləri həyata keçirmək niyyətindədir. Bunun üçün ilk növbədə həmin yerlər minalardan, partlamamış hərbi sursatlardan təmizlənməlidir. Amma torpaqlarımızı işğal altında saxladığı dövrdə hər yeri, hətta, hərbi təyinatı olmayan əraziləri də minalayan Ermənistan minalı sahələrin xəritələrini verməməkdə israrlıdır.
Vurğulanır ki, Azərbaycan Yaponiya Dostluq Mərkəzi olaraq biz də beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olmasına və minaların yeri barədə məlumatı təqdim etməkdən imtina etməsinə göz yummamağa çağırırıq.
Bəyanata həmin ərazidə minaların təmizlənməsi və mülki əhalinin hərəkəti zamanı baş vermiş partlayışlar barədə çoxsaylı foto da əlavə olunub.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Diaspor 2021-04-24 12:22:00