×
A
A
A
Sazlamalar

Mənzil İnşaatı Dövlət Agentliyi 5 ildir vətəndaşlara xidmət edir

Bakı, 12 aprel, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 858 nömrəli Fərmanı ilə ölkə vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyacını ödəmək, onların güzəştlə mənzil əldə etmələrinə şərait yaratmaq məqsədilə yaradılan Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətə başlamasının 5-ci ildönümü ilə əlaqədar qurumun inzibati binasında tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə, Mənzil İnşaatı Dövlət Agentliyinin rəhbərliyi və kollektivi tərəfindən əlamətdar gün münasibəti ilə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin əziz xatirəsi ehtiramla yad edilib. Qurumun kollektivi, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş həmvətənlərimizin məzarlarını ziyarət ediblər.
Tədbiri giriş sözü ilə açan Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov qurumun yaradılmasının 5-ci ildönümü münasibətilə həmkarlarını təbrik edərək ötən dövr ərzində görülən işlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
S.Sadıqov bildirib ki, Azərbaycan Respublikası vətəndaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısının daim diqqət mərkəzindədir. Ölkədə aztəminatlı ailələrin güzəştli şərtlərlə mənzillərlə təmin edilməsi məsələsinə Prezident İlham Əliyev tərəfindən ayrılan xüsusi diqqətin daha bir göstəricisi 2016-cı il 11 aprel tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması olub. Agentlik fəaliyyətə başladığı ilk gündən öz işini Azərbaycan Respublikası Prezidentinin dəyərli tövsiyə və göstərişlərinə əsaslanaraq təşkil edib.
Agentliyin İdarə Heyətinin sədri qeyd edib ki, ölkə başçısının insanların yaşayış sahələrinə olan ehtiyacının ödənilməsi və rahat yaşayışının təmin olunması məsələsinin həllinin prioritet kimi müəyyən edilməsi, həmçinin Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyətinə göstərdiyi dəstək qarşıya qoyulan vəzifələrin uğurla reallaşdırılmasına öz töhfəsini verir.
Əhalinin güzəştli şərtlərlə mənzillərə sahib olmasını təşkil etmək məqsədilə ölkə başçısının tapşırığına əsasən, ötən müddət ərzində agentliyə 2016-cı ildə Bakı şəhərinin Yasamal rayonunda əvvəlcə 11,6 hektar, 2017-ci ildə Suraxanı rayonunda 20 hektar və daha sonra Yasamal rayonunda 15,4 hektar, 2019-cu ilin əvvəlində Sumqayıt şəhərində 0,75 hektar, iyun ayında Gəncə şəhərində 6,23 hektar, 2020-ci ildə Suraxanı rayonunda isə 23,25 hektar torpaq sahələri ayrılıb. Bununla yanaşı, 2021-ci ilin mart ayında Lənkəran şəhərində 1,5 hektar və Sumqayıt şəhərində isə 2 hektar torpaq sahəsi güzəştli mənzillərin tikintisinin reallaşdırılması üçün agentliyin sərəncamına verilib.
Qeyd olunub ki, MİDA-nın ilk layihələri olan Yasamal Yaşayış Kompleksi (11,6 hektar) və Hövsan Yaşayış Kompleksinin (20 hektar) icrası artıq tamamlanıb, növbəti 3 layihəsi (Yasamal Yaşayış Kompleksi (15.4 hektar), Sumqayıt şəhərində reallaşdırılan layihə və Gəncə Yaşayış Kompleksi üzrə tikinti işləri isə davam etdirilməkdədir. Paralel olaraq Suraxanı rayonunda 18,81 hektar torpaq sahəsində yeni yaşayış kompleksinin tikintisinə başlanılıb. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2016-cı il dekabrın 24-də Mənzil İnşaatı Dövlət Agentliyinin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin, 2017-ci il dekabrın 24-də isə Hövsan Yaşayış Kompleksinin təməli qoyulub.
2018-ci ilin dekabrın 26-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva agentliyin ilk layihəsi -Yasamal Yaşayış Kompleksinin açılışında iştirak edərək, həmçinin 15,4 hektar torpaq sahəsində reallaşdırılacaq yeni yaşayış kompleksinin təməlini qoyublar. 2020-ci ilin mart ayının 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Hövsan Yaşayış Kompleksinin açılışında iştirak edib, iyunun 24-də isə Gəncə şəhərində yaşayış kompleksinin tikintisi ilə tanış olublar.
Hesabat dövrü ərzində (2016-2020) Yasamal Yaşayış Kompleksi və Hövsan Yaşayış Kompleksində ümumilikdə 4805 mənzil, 2 orta təhsil məktəbi, 3 uşaq bağçası, 1 tibb mərkəzi inşa olunub. Yasamal Yaşayış Kompleksində yerləşən 1633 güzəştli mənzilin satışı tam başa çatdırılıb, Hövsan Yaşayış Kompleksində satışa çıxarılan mənzillərdən isə 655-nin rəsmiləşdirilməsi yekunlaşdırılıb. 2021-ci il aprelin 21-də isə Hövsan Yaşayış Kompleksində yerləşən növbəti 503 mənzilin satışı həyata keçirilib.
Bu müddət ərzində “Güzəştli mənzil” sistemi vasitəsilə ümumilikdə 2288 mənzil vətəndaşlara təqdim edilib. Mənzilə sahib olmuş vətəndaşlardan 1345 nəfərinin yaşı 35-ə qədərdir. Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq MİDA tərəfindən dövlət sifarişi əsasında dövlət orqanları, təşkilatları və müəssisələrinin işçilərinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə də mənzillər ayrılır. Müvafiq qurumların müraciətlərinə əsasən, agentliyin layihələrindən ümumilikdə 1418 mənzil dövlət sifarişi əsasında ayrılıb. Bu mənzillərdən 991-nin rəsmiləşdirilməsi başa çatdırılıb. Beləliklə, 5 il ərzində agentliyin fəaliyyəti nəticəsində ümumilikdə 3279 ailə mənzil ilə təmin edilib. Yaxın 2 il ərzində isə daha 6827 ailənin mənzillə təmin edilməsi planlaşdırılır.
Həmçinin Azərbaycan Respublikası vətəndaşlarının güzəştlə mənzil əldə etmələrinə şərait yaradılmasına dair ölkə başçısının tapşırıqlarına uyğun olaraq, MİDA tərəfindən Yasamal rayonunda 15,4 hektar ərazidə 2202 mənzilin, 350 yerlik üç uşaq bağçasının, 1200 şagird yerlik orta təhsil məktəbinin, Gəncə şəhərində 6,23 hektar ərazidə 986 mənzilin, 125 yerlik uşaq bağçasının, 1176 şagird yerlik orta təhsil məktəbinin, Sumqayıt şəhərində 0.75 hektar ərazidə 144 mənzilin tikinti işləri tamamlanmaq üzrədir.
Bakı şəhərinin Suraxanı rayonunun Hövsan qəsəbəsinin qərb hissəsində 18,81 hektar ərazidə reallaşdırılan yeni yaşayış kompleksində isə 2950 mənzilin, 240 yerlik uşaq bağçasının, 1920 şagird yerlik orta təhsil məktəbinin tikintisinə başlanılıb. Eyni zamanda, regionlarda yaşayan vətəndaşların mənzil məişət şəraitinin yaxşılaşdırılması məqsədilə MİDA tərəfindən davamlı olaraq ölkənin digər şəhər və rayonlarında da vətəndaşların mənzilə olan ehtiyacı araşdırılaraq tələbatın daha çox olduğu yerlərdə torpaq sahələrinin müəyyənləşdirilməsi istiqamətində işlər aparılır.
MİDA-nın layihələrində yaşayış binalarının tikintisi ilə yanaşı, insanların rahat yaşayışı üçün geniş həyətlər, yaşıllıq zonaları, uşaq-oyun meydançaları da istifadəyə verilir. Bütün binalar Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarına (AzDTN) uyğun layihələndirilir və inşa olunur. Layihələndirmə zamanı ərazilərin yaşıllaşdırılması və abadlaşdırılmasına xüsusi diqqət yetirilir. Komplekslərin ərazisində müasir şəhərsalma prinsiplərinə uyğun olaraq nəqliyyat infrastrukturu yaradılır, piyadaların və nəqliyyat vasitələrinin rahat, maneəsiz və təhlükəsiz hərəkəti təmin edilir. Bütün yol kəsişmələrində əlilliyi olan şəxslər üçün panduslar quraşdırılır, velosiped yolları çəkilir. Sakinlərin avtomobillərinin saxlanması üçün parklanma yerləri də ayrılır.
Vətəndaşlara güzəştli şərtlərlə təklif edilən bütün mənzillər tam təmirli olur, həmçinin mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilir. Mənzillər illik 4 faiz, minimal ilkin ödəniş məbləği mənzilin satış qiymətinin 10 faizi və müddəti 30 ilədək olan güzəştli ipoteka krediti ilə təklif edilir. Bundan əlavə mənzili öz vəsaiti hesabına əldə etmək istəyən vətəndaşlara isə əlavə 10 faiz güzəşt tətbiq edilir.
Agentliyin fəaliyyəti ilə bağlı önəmli hadisələrdən biri də mənzilləri güzəştlə əldə etmək hüququna malik vətəndaşların müraciətlərinin real vaxt rejimində qeydiyyatının aparılmasını və mənzillərin güzəştli şərtlərlə satışını təmin edəcək şəffaf elektron sistemin yaradılması olub.
Bu məqsədlə “Elektron hökumət” portalında “Güzəştli mənzil” sistemi yaradılıb və 2017-ci il mayın 30-dan müraciətlərin qeydiyyatına başlanılıb. Ötən müddət ərzində 16.000-dən çox vətəndaşın mənzil əldə etmək hüququ təsdiqlənərək, həmin şəxslər üçün fərdi elektron kabinetlərin yaradılması təmin olunub. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.
Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsi” ilə müəyyən edilən tədbirlər planına uyğun olaraq, MİDA fəaliyyəti dövründə dövlət-özəl tərəfdaşlığı layihələrini də həyata keçirib. Ümumilikdə, 5 il ərzində dövlət-özəl tərəfdaşlığı çərçivəsində MİDA-nın reallaşdırdığı layihələrə çoxmənzilli yaşayış binalarının tikintisi, telefon, televiziya və internet xətlərinin çəkilməsi və sakinlərə müvafiq xidmətlərin göstərilməsi üzrə 80 milyon manata yaxın özəl investisiya cəlb edilib.
Fəaliyyəti dövründə agentlik tərəfindən müxtəlif sosial və ekoloji aksiyalar da təşkil olunub. Bu tədbirlər çərçivəsində dövlətin sosial siyasətinə dəstək məqsədilə xeyriyyə fondlarına ianələr edilib, şəhid ailələri, müharibə veteranları, aztəminatlı ailələrə yardımlar paylanılıb. Bununla yanaşı, müxtəlif vaxtlarda keçirilən ağacəkmə aksiyaları zamanı agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən 8000-ə yaxın ağac əkilib.
Tədbirdə hesabat məruzələri ilə çıxış edən agentliyin digər vəzifəli şəxsləri də 5 il ərzində müvafiq sahələrdə görülmüş işlər, qarşıda duran vəzifələr barədə ətraflı məlumat veriblər.
Daha sonra, agentliyin ilk layihəsi olan Yasamal Yaşayış Kompleksindən güzəştli mənzil əldə edən Bəhruz Əliyev kompleks sakinləri adından çıxış edərək Prezident İlham Əliyevə aztəminatlı və gənc ailələrin sosial rifahının yüksəldilməsi, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu layihəyə görə dərin təşəkkürünü bildirib. Eyni zamanda, Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılmasının 5-ci ildönümü münasibətilə agentliyin növbəti layihəsi olan Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin (15,4 hektar) ərazisində ağacəkmə aksiyası keçirilib. Ekoloji mühitin sağlamlaşdırılması məqsədilə keçirilmiş aksiya zamanı Mənzil İnşaatı Dövlət Agentliyi və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşları tərəfindən 600-ə yaxın yeni ağac əkilərək mövcud yaşıllıqlara qulluq edilib.

Tikinti̇ 2021-04-12 16:05:00