×
A
A
A
Sazlamalar

Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün “Fərqli Fərdlər” Konqresi aprelin 17-18-də onlayn formatda keçiriləcək

Bakı, 12 aprel, AZƏRTAC

Xüsusi Qayğıya Ehtiyacı Olan İnsanlar üçün 3-cü “Fərqli Fərdlər” Konqresi aprelin 17-18-də pandemiya ilə əlaqədar olan məhdudlaşdırıcı tədbirlər səbəbindən onlayn formatda keçiriləcək.
“Caspian Event Organisers” şirkətindən AZƏRTAC-a bildirilib ki, builki konqresin fərqli cəhəti ondan ibarətdir ki, tədbirin əhatə etdiyi mövzular daha da genişlənərək, nəinki xüsusi qayğıya ehtiyacı olan uşaqları, eləcə də böyükləri ehtiva edəcək. Konqres “Caspian Event Organisers” şirkətinin və Edutainment.az təhsil strukturunun təşəbbüsü ilə təşkil olunur. “Fərqli Fərdlər” Konqresinin proqramının prodüseri qismində “Autistic City” - ASP diaqnozlu insanlara dəstək mərkəzinin rəhbəri, autizmli şəxs Antonina Steynberq çıxış edir.
Konqres əsnasında ABŞ, Almaniya, Avstraliya, Azərbaycan, Böyük Britaniya, Çex Respublikası, İsrail, İsveç, Rusiya və Finlandiyadan mütəxəssislərin iştirakı ilə aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq: Bizim barədə bizsiz kəlməsiz – autizm haqqında bütün məlumatlar ilk mənbədən; Diaqnoz - ilk addım; İnklüziv məktəb bu gün – miflər və reallıq; Məktəbdən həyata; Xüsusi qayğıya ehtiyacı olan insanların məşğulluğu; Fərqli insanlar üçün fərqli mühit; Gözəgörünməz diaqnozlar; Bipolyar affektiv pozuntusu, kleptomaniya, uşaqlarda və yeniyetmələrdə Obsessiv Kompulsiv Pozuntu; Biz birlikdə güclüyük; Pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələrinə kömək; Müharibə, pandemiya və fərqli insanlar; Posttravamatik stres pozuntusu.
Bu il “Asperger sindromu üzrə tam təlimat” (Tony Attwood "The Complete Guide to Asperger's Syndrome") kitabının müəllifi Toni Ettvud Konqresin xüsusi qonağı olacaq və yerli auditoriya qarşısında ilk dəfə çıxış edəcək.
Konqres çərçivəsində müxtəlif seminarların keçirilməsi nəzərdə tutulub.
Konqresin tərəfdaş və dostları arasında Azərbaycan Respublikası Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi (RİİB), Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “DOST” Agentliyi, Azərbaycan Dövlət Reklam Agentliyi, BP, “ACE Group Consultants”, “CTS Translation” və “Credo” şirkətləri yer alırlar.
Təşkilatçıların adından Rəna Abutalıbova (“CEO”) qeyd edib ki: “Biz “Fərqli Fərdlər” Konqresini dəstəkləyən verən bütün strukturlara, eləcə də tərəfdaş və sponsorlarımıza təşəkkür edirik. Mən bu 3 il ərzində konqresə dəstək verən baş tərəfdaşımız BP şirkətini, eləcə də “ACE Group Consultants”, “CTS Translation” və “Credo” şirkətlərini qeyd etmək istəyirəm. Sosial layihələrə göstərdiyiniz həssaslıq və diqqət həmişə təqdirə layiqdir. Artıq Konqresin bir sıra konkret nəticələri var və əminəm ki, gələcəkdə biz tərəfdaşlarımız ilə birlikdə Azərbaycanda inklüziv cəmiyyətin inkişafına əlavə təkan verə bilərik”.
“Fərqli Fərdlər” 2021 Konqresində iştirak etmək üçün qeydiyyatdan keçmək zəruridir: https://ferqliferdler.az/az-register/
“Fərqli Fərdlər” haqqında ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyə bilərsiniz: https://www.facebook.com/ferqliferdlercongress/
Mövcud olduğu müddət ərzində “Fərqli Fərdlər” konqresi bir sıra konkret nəticələrə nail olub. Konqresin təşkilatçıları Bakı şəhərindəki Heydər Əliyev Beynəlxalq Hava Limanında xüsusi qayğıya ehtiyacı olan insanlar üçün əlçatan mühitin yaradılması üzrə proqramın tətbiqi barədə təşəbbüslə çıxış ediblər. Hava limanının rəhbərliyi isə bu proqrama dəstək verərək reallaşdırıb. Bakı hava limanı dünyanın ən yaxşı hava limanlarından biridir və çoxsaylı beynəlxalq sertifikatlar da bunu təsdiq edir. Artıq burada “görünməyən” məhdudiyyəti – autizm, Demensiya və Altsheymer xəstəliyi olan insanlar üçün də xidmətlər mövcuddur və bunun sayəsində xüsusi qayğıya ehtiyacı olan sərnişinlər üçün uçuşlar daha rahat və nisbətən az narahatedici olub. Gizli əlilliyin beynəlxalq simvolu olan sarı günəbaxan naxışlı lanyardlar tətbiq edilib.
Təşkilat komitəsinin təşəbbüsü ilə Toni Ettvudun “Asperger sindromu üzrə tam təlimat” kitabı rus dilinə tərcümə edilib. Kitabın tərcüməsi və nəşri layihəsinin üzərində işləyən bütün komanda fərqli inkişaf xüsusiyyətləri olan insanlardan ibarətdir. Beləliklə, tərcümə ilə spektrdə olan insanlar - Antonina Steynberq və Aleksey Voskov məşğul olublar. Hazırda isə kitab nəşrə hazırlanır.
Təşkilat komitəsi ilə e-mail vasitəsilə əlaqə saxlamaq mümkündür: [email protected].

Sosial 2021-04-12 15:40:00