×
A
A
A
Sazlamalar

Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru Respublika Veteranlar Təşkilatının qonağı olub

Bakı, 12 aprel, AZƏRTAC

Bakıda fəaliyyət göstərən Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru İrek Zinnurov Respublika Veteranlar Təşkilatının qonağı olub.
Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının mətbuat xidmətindən bildiriblər. İ. Zinnurov Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovla görüş zamanı sovet xalqlarının Böyük Vətən müharibəsi dönəmində faşizmə qarşı birgə mübarizəsindən danışıb, bu mübarizənin bəşəriyyətin təhlükəsizliyi və rifahı baxımından mühüm rol oynadığını qeyd edib.
Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova Azərbaycan xalqının faşizmə qarşı mübarizədə göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Təşkilat sədri bildirib ki, faşizmə qarşı mübarizədə xalqlarımızın göstərdiyi qəhrəmanlıqlar tarixin yaddaşında əbədi yaşayacaq və daim xatırlanacaq.
Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov faşizmə qarşı mübarizənin xalqlar arasındakı dostluğu daha da gücləndirdiyini, bu dostluğun günümüzdə də davam və inkişaf etdiyini söyləyib. Cəlil Xəlilov bildirib ki, bəşəriyyətin bu günü və gələcəyi xalqlar arasında dostluq və əməkdaşlığı zəruri edir.
Görüş əsnasında Azərbaycan və Rusiya prezidentlərinin dostluq münasibətinə toxunulub, bu dostluğun xalqlarımız üçün də nümunə olduğu vurğulanıb. Qeyd olunub ki, iki dövlət və xalq arasında dostluğun qorunması və inkişafı vacibdir və hər hansı qüvvənin bu dostluğa xələl gətirməsinə imkan vermək olmaz.
Görüşdə yaxın gələcəkdə görülməsi planlaşdırılan birgə tədbirlər haqqında da ətraflı fikir mübadiləsi aparılıb.
Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin direktoru səmimi görüşə görə təşkilat rəhbərliyinə təşəkkür edib.

Sosial 2021-04-12 13:59:00