×
A
A
A
Sazlamalar

Azərbaycan-Ukrayna Kənd Təsərrüfatı Məsələləri üzrə İşçi Qrupun 1-ci iclası keçirilib

Bakı, 12 aprel, AZƏRTAC

Azərbaycan-Ukrayna Kənd Təsərrüfatı Məsələləri üzrə İşçi Qrupun onlayn formatda 1-ci iclası keçirilib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Azərbaycan tərəfdən İşçi Qrupun həmsədri, kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov çıxış edərək ölkəmizdə kənd təsərrüfatına dövlət dəstəyi, aqrar sahədə aparılan islahatlar, Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqi, aqrar xidmətlərin elektronlaşdırılması barədə iştirakçılara geniş məlumat verib. Azərbaycanla Ukrayna arasında aqrar sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd edən nazir müavini hər iki dövlətin müvafiq qurumları arasında birgə müzakirələrin aparılmasını vacib sayıb.
Ukrayna tərəfindən İşçi Qrupunun həmsədri, Ukrayna Respublikasının iqtisadiyyat, ticarət və kənd təsərrüfatı nazirinin müavini Taras Kaçka işçi qrupun ilk iclasının gündəliyinin zəngin olduğunu, hər iki dövlətin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük maraq göstərdiyini vurğulayıb.
İşçi Qrupun iclasında Azərbaycanla Ukrayna arasında kənd təsərrüfatı məhsullarının ticarəti, investisiyaların qoyuluşu, habelə heyvandarlıq, bitkiçilik və orqanik istehsal, şərabçılıq, kənd yerlərinin inkişafı, elmi tədqiqat işləri və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə olunub.
Tərəflər müzakirə olunan məsələlər üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib, perspektivlər ətrafında fikir mübadiləsi aparıblar. İclas çərçivəsində kənd təsərrüfatı sahəsində yeni əməkdaşlıq imkanları nəzərdən keçirilib, əlaqələrin genişləndirilməsi məqsədilə qurumlar arasında davamlı dialoqun qurulmasının vacibliyi vurğulanıb.

İqtisadiyyat 2021-04-12 12:03:00