×
A
A
A
Sazlamalar

Türk Mədəniyyəti və İrsi Fondunda “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib

Bakı, 9 aprel, Məmməd Məmmədli, AZƏRTAC
Türk Mədəniyyəti və İrsi Fondunda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın qırğız və rus dillərində nəşr olunmuş “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunun təqdimat mərasimi keçirilib.
Tədbirdə mədəniyyət naziri Anar Kərimov, Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və digər qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, mərasimi açan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva qonaqları salamlayaraq təqdimatı keçirilən kitabın məziyyətlərindən söz açıb. Bildirib ki, Leyla Əliyeva gənc olmasına baxmayaraq, çoxşaxəli istedada malik insandır. O, bir tərəfdən gözəl, səmimi, romantik, incə ruhlu şeirlərin müəllifi, digər tərəfdən maraqlı rəssamdır. Onun bir çox rəsmləri sərgilərdə nümayiş olunub. Qeyd edilib ki, Leyla Əliyeva Azərbaycanın ictimai həyatında özünəməxsus yer tutur. Bunların hamısını birləşdirsək deyə bilərik ki, o, incə bir ürəyin sahibidir və bu, onun şeirlərində də hiss olunur.
Günay Əfəndiyeva kitabın Qırğızıstanda da çap olunduğunu söyləyib. Bildirib ki, Qırğızıstanda bu kitabın çap olunması qırğız oxucusunu müasir Azərbaycan poeziyasının nümunələri ilə tanış edir. Fondun da bu səpkidə fəaliyyəti iki xalqı bir-birinə yaxın etməkdən ibarətdir.
Mədəniyyət naziri Anar Kərimov çıxışında qeyd edib ki, Leyla Əliyevanın müraciət etdiyi həssas mövzular və onun bədii təxəyyülü oxucusunu duyğulandırır, eyni zamanda, düşündürür. Leyla Əliyevanın yaradıcılığında əsl Azərbaycan qadınının, əsl türk xanımının duyğuları, hissləri, emosiyası müşahidə olunur.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə bu il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib və bu, təkcə ölkəmiz üçün deyil, bütün türkdilli xalqlar da daxil olmaqla, dünya ədəbi irsi ilə bağlı mühüm əhəmiyyət kəsb edir. Çünki dahi Nizaminin yaradıcılığı türk-İslam bədii təxəyyülünün ən parlaq nümunələrindən hesab olunur. Qeyd edilib ki, ötən ay Türkiyə Respublikasına səfər çərçivəsində həm TÜRKSOY-un Baş qərargahında, həm də İstanbul şəhərində dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunan tədbirlər təşkil edilib. Türk dövlətlərində, xüsusən də beynəlxalq təşkilatlar çərçivəsində bu cür tədbirlərin təşkili ortaq mədəni-mənəvi dəyərlərimizin təbliği baxımından müstəsna əhəmiyyət daşıyır.
“Türk xalqlarının ortaq mədəni-mənəvi dəyərlərinin qorunub saxlanılması və geniş miqyasda tanıdılması sahəsində yarandığı vaxtdan etibarən TÜRKSOY-un böyük əməyi olub. Türk Mədəniyyəti və İrsi Fondu da öz tərəfindən qısa zaman ərzində türk dünyasının mədəniyyətini, zəngin tarixini, milli-mənəvi dəyərlərini təbliğ edən müxtəlif layihələrə imzalar atıb”, - deyə nazir vurğulayıb.
Qırğız Respublikasının mədəniyyət, informasiya idman və gənclər siyasəti naziri Kayrat İmanaliyev deyib: “Leyla Əliyeva qələmə aldığı hər mövzuya özünəməxsus şair baxışı ilə yanaşa, predmeti azad baxışlarla poeziyaya çevirə bilir. Gənc şairə təbiətə qarşı həssas hisslər nümayiş etdirir, gerçəkliklə zəngin bir xəyal arasında harmoniya yaratmağı bacarır. Dünyaya şair baxışı ilə baxaraq qitələri, meşələri, dağları, çayları, gölləri adlayır, həyəcan və hisslərini ustalıqla ifadə edir, oxucu ilə səmimi ünsiyyət mühiti yaradır”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva isə bildirib ki, Leyla Əliyevanın yaradıcılığına yaxından bələddir: “Şairlər olduğu kimi görünməli, göründüyü kimi də olan insanlardırlar. “Göründüyün kimi ol, olduğun kimi görün” düşüncəsi Leyla Əliyevanın elə şəxsiyyətində bütövləşib. Çünki şairlərin digər insanlardan fərqi ondadır ki, hər bir şair və ya yazıçı öz ağrı-acısı ilə bərabər başqasının da acılarını hiss edir, özünün acısı kimi içərisindən keçirir. Leyla Əliyevanın yaradıcılığı, onun ruhu onun əməllərindədir”, - deyə Q.Paşayeva vurğulayıb.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibinin müavini Sultanbek Raev bildirib ki, Leyla Əliyevanın “Tanrının səsini eşitmək istəyirəm” şeir toplusunu qırğız dilinə tanınmış şairlər tərcümə edib: “İnsana elə gəlir ki, müəllif bu kitabda Allaha müraciət edir. Çünki hər bir insan qəlbində uca Tanrının yeri olduğu üçün onun səsini eşitmək istəyir. Allahın səsi, ifadəsi ilə müəllif sanki insanlarda ən ülvi hissləri oyatmağa çalışıb”.
Sonra Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Baş katibinin müavini Əli Yıldız, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək kitabla bağlı fikirlərini bölüşüblər.
Sonda tədbirin bədii hissəsində Xalq artisti Mehriban Zəkinin və Qırğızıstanın Xalq artisti Tinar Abdrazayevanın ifalarında “Tanrının səsini eşitmək istəyirəm” kitabından şeirlər səsləndirilib.

Mədəniyyət 2021-04-09 21:43:00