×
A
A
A
Sazlamalar

Dünyanın aparıcı IT şirkətlərinin məhsulları və Azərbaycan təcrübəsinə dair müzakirələr aparılıb

Bakı, 9 aprel, AZƏRTAC
Aprelin 9-da Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin dəstəyi və “AZEL Systems” şirkətinin təşkilatçılığı ilə onlayn formatda “BİM texnologioyaları – Layihələndirmə və Tikintidə Rəqəmsallaşdırma” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Azərbaycanda hər il aprelin 10-da geniş qeyd edilən İnşaatçılar Gününə həsr olunub.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirin əsas məqsədi mülki və sənaye obyektlərinin layihələndirilməsi və tikintisinin keyfiyyət və səmərəliliyini artıran yeni BİM texnologiyalarının xüsusiyyətləri və tətbiqi ilə bağlı məlumatlandırılma və təcrübə mübadiləsidir.
Komitə sədri Anar Quliyev konfrans iştirakçılarını qarşıdan gələn İnşaatçılar Günü münasibətilə təbrik edərək Prezident İlham Əliyevin tikinti sektorunun inkişafına göstərdiyi xüsusi diqqət sayəsində son dövrdə bu sahədə köklü islahatlar aparıldığını, ölkədə memarlıq fəaliyyətinin və şəhərsalma proseslərinin planlı və sistemli təşkili, aparıcı dünya standartlarının və müasir texnologiyaların tətbiqi istiqamətində əhəmiyyətli irəliləyişə nail olunduğunu vurğulayıb.
A.Quliyev qeyd edib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq, son bir neçə il ərzində komitə tərəfindən tikintidə layihələndirmə və icazə prosedurlarının rəqamsallaşdırılması aparılıb, bütün ölkə ərazisini əhatə edən “Bir pəncərə” elektron sistemi hazırlanaraq istifadəyə verilib.
“Şəhərsalma fəaliyyətinin rəqəmsallaşdırılması sahəsində aparıcı dünya təcrübəsinin öyrənilməsi və ölkədə tətbiqi komitənin müəyyən etdiyi prioritet vəzifələrdəndir. Qlobal miqyasda baş verən rəqəmsal transformasiya – müasir şəhərlərin yaradılması və inkişafı modelinin qaçılmaz dəyişikliyini nəzərdə tutur. Dövrümüzün tələbi – yaşayış səviyyəsinin və həyat keyfiyyətinin, fəaliyyət və xidmətlərin, ərazilərin rəqabət qabiliyyətinin yüksəldilməsinə artan tələbatı qarşılamaqdır. Şəhər mühitinin yaradılmasında müasir yüksək texnologiyalara əsaslanan yeni yanaşmalar dövlət şəhərsalma siyasətinin ayrılmaz bir hissəsidir. Müasir İKT-nin tətbiqi ilk növbədə şəhər mühitinin planlaşdırılması və yaradılmasından başlayaraq şəhər təsərrüfatının idarə olunmasına qədər sahələri əhatə etməldir”, - deyə komitə sədri vurğulayıb.
O, həmçinin diqqətə çatdırıb ki, artıq bir sıra Azərbaycan şirkətləri layihələndirmədə yeni texnologiyaların mənimsənilməsi və tətbiqi sahəsində mühüm uğurlara nail olublar. İnşaat layihələrində informasiyanın modelləşdirməsi bütün sistemin 3D-modelini yaratmağa imkan verir, bunun sayəsində isə layihəçi və podratçılar ənənəvi iki ölçülü cizgilərlə müqayisədə son nəticənin daha bütöv mənzərəsini əldə edirlər, bu da öz növbəsində vaxt itkisinin qarşısını alır, keyfiyyəti artırır.
A.Quliyev inşaat sektorunun uzunmüddətli artım dinamikası fonunda rəqəmsal texnologiyaların istifadəsinin önəmli rol oynadığını və gələcəkdə də təşkil olunacaq bu kimi tədbirlərin BİM texnologiyalarının Azərbaycanda daha da dərindən öyrənilməsinə və geniş tətbiqinə şərait yaradacağını söyləyib.
Tədbirdə çıxış edən “AZEL Systems” şirkətinin baş direktoru İqor Yakovenko məlumat verib ki, təmsil etdiyi qurum 2013-cü ildən fəaliyyət göstərərək bu gün sənaye obyektlərinin layihələndirilməsi və tikintisinin avtomatlaşdırılması sistemlərinin tətbiqi və rəqamsallaşdırma sahəsində sistem inteqratoru kimi Cənubi Qafqaz regionunda liderə çevrilib.
Şirkət rəsmisi əlavə edib ki, konfransı tikintidə rəqəmsallaşdırma sahəsində qabaqcıl dünya texnologiyalarının və innovativ həllərin istehsalçıları ilə birbaşa əlaqə yaratmaq, təcrübə mübadiləsi aparmaq imkanı sayəsində Azərbaycanda inşaat sektorunun inkişafına yeni təkan verə biləcək təşəbbüs kimi qiymətləndirir.
İ.Yakovenko onu da nəzərə çatdırıb ki, BİM layihələrində məhz rəsmi və lisenziyalı məhsulların istifadəsi xüsusi əhəmiyyət kəsb edir və layihələndirmə zamanı modellərin dağılma riskini azaldır və inşaat prosesinin sürətləndirilməsinə xidmət edir.
Daha sonra tədbirin təşkilati partnyorları - BİM texnologiyaları üzrə həllərin istehsalında dünya liderləri olan “Autodesk” (ABŞ), “Trimble Tekla” (ABŞ), “Hexagon Intergraph” (İsveç) və “Bentley Systems” (ABŞ) şirkətlərinin təmsilçiləri müvafiq proqram təminatlarının imkanları və bu sahədə qlobal trendlər barədə təqdimatlarla çıxış ediblər, “SOCAR Foster-Wheeler Engineering”, “PMD Projects” və “BİMD” yerli şirkətlərinin rəhbərləri isə BİM texnologiyalarının Azərbaycanda tətbiqi təcrübəsi ilə bölüşüblər.
Konfrans çərçivəsində mövzu ətrafında geniş fikir mübadiləsi, eləcə də bu sahədə perspektivlər və inkişaf istiqamətləri ətrafında müzakirələr aparılıb. Konfransda özəl və dövlət layihələndirmə büro və institutları, memarlıq və inşaat şirkətləri, informasiya texnologiyaları, layihələrin idarəolunması və digər sahələrdə ixtisaslaşan təşkilatların nümayəndələri iştirak ediblər.

Tikinti̇ 2021-04-09 18:03:00