×
A
A
A
Sazlamalar

“EY ilin iş adamı” müsabiqəsinin qalibi elan edilib

Bakı, 9 aprel, AZƏRTAC

“EY Azərbaycan” şirkəti tərəfindən Azərbaycanda artıq ikinci dəfə keçirilən “EY ilin iş adamı” müsabiqəsinin qalibi elan edilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strateji tərəfdaşlığı ilə keçirilən “EY ilin iş adamı” müsabiqəsinə BP və Azərbaycan Beynəlxalq Bankı sponsor dəstəyi göstərib. “Ekvita” konsaltinq şirkəti müsabiqənin tərəfdaşları sırasındadır.
KOBİA-dan AZƏRTAC-a bildirilib ki, müsabiqənin qalibini biznes ictimaiyyətinin, dövlət şirkətlərinin top menecerlərinin və beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət müstəqil münsiflər heyəti seçib. Qalib seçim mərhələsindən keçən və sahibkarlıqda liderlik keyfiyyətləri nümayiş etdirən 11 güclü namizəd arasından müəyyənləşib. Kütləvi tədbirlərin təşkilində mövcud məhdudiyyətlər səbəbindən mərasimə iştirakçıların bir qismi canlı qatılıb. Qonaqların əksəriyyəti isə tədbirə videokonfrans vasitəsilə qoşulub.
Müsabiqə iştirakçılarının müraciətlərini hərtərəfli qiymətləndirdikdən sonra münsiflər fərqli nominasiyalar üzrə qalibləri seçiblər. Beləliklə, “İnnovasiya” nominasiyasında FRAZEX şirkətindən Camal Xasayev, “Sosial təsir” nominasiyasında LANDAU məktəbindən Emil Leznik, “Ətraf mühitə müsbət təsir” nominasiyası üzrə “Bioropean” şirkətindən Emin İlyas və “Aqrar sahədə davamlılıq və regional inkişaf” nominasiyası üzrə “Chabiant Winery” şirkətindən Fərid Axundov təltif olunub.
“Resm Jewelry” şirkətinin rəhbəri Rəsminə Qürbətova isə “EY ilin iş adamı” müsabiqəsinin qalibi elan edilib. O, “İlin iş adamı” müsabiqəsinin beynəlxalq mərhələsində Azərbaycanı təmsil edərək dünyanın ən yenilikçi iş adamları ilə mübarizə aparacaq. “Sahibkarlıq verdiyi sərbəstliyə görə çox dəyərlidir. İstədiyiniz vaxt istədiyiniz ideyaları gerçəkləşdirmək imkanınız var”, – deyə R.Qürbətova sahibkarlıq fəaliyyəti barədə bildirib.
“EY Azərbaycan” şirkətinin idarəedici partnyoru İlqar Vəliyev deyib: “Ölkəmizdə uğurlu iş adamlarının sayı az deyil. Lakin həqiqətən təqdirəlayiq bir şirkət yaratmaq üçün siz gözlənilməz halları aradan qaldırmağı və müxtəlif çətinliklərlə üzləşməyi bacarmalısınız. Əminəm ki, məqsədyönlü və çeviklik nümayiş etdirən sahibkarlarımız bu böhrandan sonra ayağa qalxa biləcək və yaşanan çətinliklərə baxmayaraq öz fəaliyyətləri ilə digərlərini ilhamlandırmağa və daha da çox inkişaf etməyə davam edəcəklər. EY (“Ernst & Young”) şirkəti kiçik və orta sahibkarlığın inkişafına töhfə verən 2021-ci ilin “EY ilin iş adamı” müsabiqəsinin təşkil olunmasından qürur duyur".
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov bildirib ki, kiçik və orta sahibkarlığın dəstəklənməsi Azərbaycan iqtisadiyyatının prioritetlərindən biridir və bu hədəfə çatmaq üçün bir sıra uğurlu addımlar atılıb. Bu səbəbdən biz “EY ilin iş adamı” müsabiqəsinin artıq ikinci dəfə kiçik və orta sahibkarlığı diqqət mərkəzində saxlamasından olduqca məmnunuq. Sahibkarların müsabiqəyə fəal şəkildə qatılması bizi də sevindirir. Bu, gələcəkdə daha çox sahibkarın proqrama qoşulacağını göstərir. Bu yarışmanı dəstəklədiyi və həyata keçirdiyi üçün “EY Azərbaycan” şirkətinə və bütün tərəfdaşlara təşəkkür edirəm”.
BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiyalar üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Yerli müəssisələrin sahibkarlıq uğurlarını və böyümək üçün atdıqları addımları tanıyan "EY ilin iş adamı" müsabiqəsinin məqsədi bizim yerli tədarük zəncirinin inkişafına kömək etmək səylərimizlə tam uyğundur. Bu mötəbər müsabiqəni dəstəkləməyə imkan yaratdığı üçün EY şirkətinə təşəkkürümü bildirirəm və dünyanın ən güclü sahibkarları arasında Azərbaycanın nümayəndəsini də görməyi səbirsizliklə gözləyirəm".
Azərbaycan Beynəlxalq Bankının idarə heyətinin sədri Abbas İbrahimov diqqətə çatdırıb ki, bank ölkəmizdə ikinci dəfədir keçirilən “EY ilin iş adamı” müsabiqəsinə də böyük məmnuniyyətlə dəstək verib. Kiçik və orta sahibkarlıq seqmenti ilə iş bizim üçün çox əhəmiyyətlidir. Azərbaycan Beynəlxalq Bankı olaraq biz hər zaman sahibkarlarımızın yanındayıq. Yeni innovativ imkanların axtarışında onlarla birgəyik. Əminik ki, bu müsabiqə zaman keçdikcə Azərbaycanda sahibkarların ən maraqlı, həm də müsbət mənada gərgin rəqabət platformalarından biri kimi tanınacaq.
Qeyd edək ki, EY şirkəti tərəfindən təsis edilmiş “EY ilin iş adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatı olan "EY ilin iş adamı" proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını ilhamlandırmaqdır. Öz sahəsində ilk və yeganə qlobal mükafat proqramı olaraq, "EY ilin iş adamı" 60-dan çox ölkənin 145-dən arıq şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, böyüyən və dinamik biznes quran sahibkarları üzə çıxarır.

İqtisadiyyat 2021-04-09 12:08:00