×
A
A
A
Sazlamalar

İordaniya portalları Azərbaycan səfirliyinin 31 mart soyqırımı ilə bağlı bəyanatını yayıb

Bakı, 1 aprel, AZƏRTAC

İordaniyada geniş oxucu auditoriyasına malik www.orobanews.com  və www.nayrouz.com  saytlarında Azərbaycanın bu ölkədəki səfirliyinin 31 mart soyqırımı ilə əlaqədar bəyanatı dərc edilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, bəyanatda Azərbaycan xalqının tarixinin xüsusən də son iki əsrdə misilsiz vəhşiliklər və faciələrlə dolu olduğu bildirilir. Qeyd edilir ki, bu soyqırımları törədən erməni cinayətkarlar və canilər Daşnaksütyun partiyasının “böyük Ermənistan” ideologiyasında ruhlanmışdılar. Şübhəsiz ki, çar Rusiyasının XIX əsr boyunca davamlı şəkildə yürütdüyü məskunlaşdırma və köçürmə siyasəti bölgənin demoqrafik tərkibinin dəyişməsinə və orada yaşayan ermənilərin sayının artmasına gətirib çıxarmışdı. Çar Rusiyasının bu cür himayəsi və qoruması fonunda “böyük Ermənistan” xülyasını həyata keçirməyə can atan erməni millətçiləri yerli əhalinin, yəni, azərbaycanlıları planlı şəkildə sürgün etməyə başladılar, bu işdə ən qəddar və qeyri-insani vasitələrə, hətta etnik təmizləmə və soyqırımına əl atmaqdan çəkinmədilər.
Vurğulanır ki, 1905-1906-cı illərdə dinc Azərbaycan əhalisinə qarşı qırğınlar və amansız qətlər həyata keçirildi, Bakı, Gəncə, Qarabağ, İrəvan), Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Zəngəzur, Qazaxda və bu bölgələrin kəndlərində yanğınlar, dağıntılar törədildi. Erməni silahlı birləşmələri Şuşa, Zəngəzur və Cəbrayıl qəzalarında, o cümlədən İrəvan və Gəncə vilayətlərində 200-dən çox yaşayış məntəqəsini darmadağın etdilər ki, bu da öz növbəsində on minlərlə soydaşımızın ata-baba yurdlarından didərgin düşməsinə və məcburi qaçqına çevrilməsinə gətirib çıxardı.
Çar Rusiyası tərəfindən onlara vəd edilmiş bu torpaqlarda “Ermənistan dövləti”nin qurulması üçün zəmin hazırlamaq məqsədilə erməni cəlladları tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində uşaq, qadın və qocalar da daxil olmaqla, 200 mindən çox azərbaycanlı qətlə yetirildi.
1918-ci il martın 31-də Bakı şəhəri bolşeviklərin dəstəklədiyi erməni silahlı birləşmələrinə məxsus gəmilərdən ağır artilleriya atəşinə məruz qaldı, ardınca isə evlərə qəfil basqınlar sakinlərin qətlə yetirilməsi və yandırılması ilə müşayiət edildi. Təkcə Bakı şəhərində 12 min mülki şəxs amansızcasına qətlə yetirildi. Ümumilikdə, 1918-ci ilin mart-aprel aylarında təxminən 50 min insan vəhşicəsinə və ağlasığmaz üsullarla öldürüldü.
2007-ci ildə Qubada kütləvi məzarlığın aşkarlanması erməni cəlladlarının azərbaycanlılara qarşı amansız əməllərini bir daha təsdiq etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü il oktyabrın 18-də Quba soyqırımı memorial kompleksinin açılış mərasimində çıxış edərkən demişdir: “Sovet dövründə təbii ki, tarix təhrif edildiyi üçün bu həqiqətlər bizdən gizlədilirdi. Uzun illər Azərbaycan xalqının qanını axıdan quldurlar, - onların da mənfur adları orada göstərilir, - Şaumyan və onun kimiləri bizə qəhrəmanlar kimi təqdim edilirdi. Hesab edirəm ki, bu, böyük faciədir. Çünki uzun illər xalqımıza qarşı amansızlıqla vəhşilik törədən ünsürlər sovet tarixində qəhrəman kimi təqdim edilirdi, onların şərəfinə abidələr ucaldılırdı. Yalnız müstəqillik dövründə biz həqiqi ədaləti bərpa etdik. Gözəl şəhərimizi, Bakımızı o abidələrdən təmizlədik və bu gün o yerlərdə gözəl parklar yaradılıbdır. Yəni, tarix, ədalət zəfər çaldı. Biz bu gün öz tariximizə qayıdırıq. Tarixin bütün məqamlarını bilirik, bilməliyik. Gənc nəsil də bilməlidir ki, xalqımız keçmişdə hansı fəlakətlərlə üz-üzə qalmışdır”.
Diqqətə çatdırılıb ki, 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı günü kimi elan edilib. Beləliklə, ulu öndər Heydər Əliyev 1918-ci il 31 mart tarixinə ilk dəfə siyasi qiymət verib. Ulu Öndər bununla bağlı demişdir: “Hər il martın 31-ni Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd etməklə, biz bir daha tarixi keçmişə qayıdır, xalqımıza qarşı açıq şəkildə həyata keçirilən genişmiqyaslı qanlı aksiyaları ürək ağrısı ilə yad edirik”.
Bəyanatın yekununda vurğulanır ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlar işğaldan azad edildikdən sonra da azərbaycanlılar Ermənistan hakimiyyəti tərəfindən məqsədyönlü qətllə üzləşirlər. Buna səbəb Ermənistanın 30 illik işğal zamanı minaladığı ərazilərin xəritələrini təqdim etməkdən imtina etməsidir. Bununla da bu dövlət azərbaycanlı məcburi köçkün və qaçqınların öz doğma yurd-yuvalarına təhlükəsiz və ləyaqətli qayıdış prosesini əngəlləməyə çalışır, yüz minlərlə azərbaycanlı mülki şəxsin həyatına qarşı bəd niyyətini bir daha nümayiş etdirir.

31 mart 2021-04-01 20:06:00