×
A
A
A
Sazlamalar

Küveyt portalı 1918-ci il azərbaycanlıların soyqırımından yazıb

Bakı, 1 aprel, AZƏRTAC

Küveytin “Dasmannews.com” elektron media portalı Azərbaycan bu ölkədəki səfirliyinin 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanatını yayıb.
Azərbaycanın Küveytdəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bəyanatda hər il martın 31-də Azərbaycanın 1918-ci ildə ermənilər tərəfindən törədilən azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsini andığı qeyd olunur. Bildirilir ki, bu soyqırımı Azərbaycan xalqının tarixboyu üzləşdiyi ən dəhşətli faciələrdən biridir.
Hadisənin tarixi və siyasi aspektlərinə toxunularaq vurğulanır ki, Azərbaycan tarixi son iki əsrdə erməni ultramillətçilərinin xalqımıza qarşı apardığı etnik təmizləmə, soyqırımı və təcavüz siyasətindən qaynaqlanan faciələr və qanlı hadisələrlə dolu ağrılı və acılı mərhələlərin şahidi olub. Bu millətçi siyasətin əsas məqsədi azərbaycanlıların tarixi yurdlarından didərgin salınması və ermənilərin iddia etdikləri “böyük Ermənistan” xülyasının qədim Azərbaycan torpaqlarında reallaşdırılması idi. Tarixi dəlillər sübut edir ki, çox sayda erməninin İran və Türkiyədən köçürülərək Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirilməsi prosesi XIX əsrin əvvəllərində başlayıb.
Çar Rusiyasının müstəmləkə siyasətinin ayrılmaz hissəsi olan köçürülmə və məskunlaşdırma siyasəti XIX əsr boyu davam edib və beləliklə, bölgənin demoqrafik tərkibi dəyişib. Ermənilərin bu bölgəyə yerləşdirilməsi və sayının artması onların XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan torpaqlarına qarşı ərazi iddialarının və təcavüzkar siyasətlərinin ortaya çıxması ilə nəticələnib.
Həmin dövrdə böyük ölkələrin dəstəyi ilə ermənilər azərbaycanlıları qətlə yetirmə, onların əmlaklarını talan, məhv etmə, insanları qorxutma yolu ilə evlərini tərk etməyə məcbur etdilər və deportasiyaya məruz qoydular.
Vurğulanır ki, Daşnaksütyun partiyasının proqramında göstərilən “böyük Ermənistan” ideyasını reallaşdırmaq üçün 1905-1906-cı illərdə ermənilər dinc azərbaycanlı əhaliyə qarşı qırğınlar törədir, onları amansızcasına öldürürdülər. Bakı, Gəncə, Qarabağ, İrəvan, Naxçıvan, Ordubad, Şərur-Dərələyəz, Tbilisi, Zəngəzur, Qazax şəhər və kəndlərini, digər bölgələri yandırırdılar. Erməni silahlı birləşmələri Şuşa, Zəngəzur və Cəbrayıl bölgələrində, İrəvan və Gəncə əyalətlərində azərbaycanlılara məxsus 200-dən çox yaşayış məntəqəsini məhv edərək dağıdıblar. Bu da on minlərlə soydaşımızın öz evlərindən didərgin düşməsinə səbəb olub.
Çarizmin dəstəklədiyi ermənilər Birinci Dünya müharibəsi illərində azərbaycanlıları yenidən qətlə yetirməyə başladılar. Belə ki, Daşnaksütyun partiyası və Erməni Milli Konqresi Rusiyada 1917-ci ilin fevral və oktyabr hadisələrindən sonra fəaliyyətlərini genişləndiriblər. Eyni zamanda, Qafqaz işləri üzrə fövqəladə müvəqqəti komissar Stepan Şaumyan 1917-ci ilin dekabrında azərbaycanlıların kütləvi şəkildə öldürülməsini təşkil etməyə başlayıb. Erməni silahlı birləşmələri İrəvan əyalətində 197 kəndi, Zəngəzur mahalında 157 kəndi dağıdıb və yandırıblar.
1918-ci ilin əvvəllərində, yəni, Mart qırğınından əvvəl S.Şaumyana bağlı erməni silahlılarının sayı 20 min nəfərə çatmışdı. Bolşeviklərin himayəsi altında Şaumyan Bakının komissarı oldu. Həmin il martın 30-da erməni bolşevik silahlı birləşmələri gəmilərdən toplarla Bakını hədəfə aldılar. Daha sonra silahlı daşnaklar dinc azərbaycanlıların evlərinə hücum edərək onları amansızcasına qətlə yetirdilər. Martın 31-i və aprelin ilk günlərində silahlı bolşevik erməni birləşmələri təkcə Bakıda 30 min dinc sakini öldürmüşdülər. Bu qanlı hadisələr zamanı insanlar evlərində diri-diri yandırılır və amansızcasına qətlə yetirilirdi.
Qeyd olunur ki, eyni vəhşiliklər, dağıntılar, qətllər Bakı və Abşeron əraziləri ilə yanaşı, indiki Ermənistan ərazisində, Zəngəzur, Naxçıvan, Qarabağ bölgələrində, İrəvan, Lənkəran, Quba, Şuşa, Şamaxı, Kürdəmir, Şərur, Ordubad, Qars şəhərlərində də həyata keçirildi. 2007-ci ildə Qubada kütləvi məzarlığın tapılması ermənilərin vəhşiliyini sübut edən dəlillərdən biridir.
O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ermənilərin törətdikləri böyük cinayətləri araşdırmaq üçün xüsusi istintaq komissiyası yaratdı. Lakin Xalq Cümhuriyyətinin süqutundan sonra bu işlər yarımçıq qaldı. Yalnız 80 ildən sonra Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qərarı ilə 1998-ci il martın 26-da həmin hadisələrə siyasi və hüquqi qiymət verildi, martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Vurğulanıb ki, Azərbaycan xalqına qarşı soyqırımı və etnik təmizləmə siyasəti 1989-1993-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüz etməsi və Qarabağ bölgəsinin işğalı ilə özünün pik həddinə çatıb.
1989-1993-cü illər arasında erməni təcavüzkarları müdafiəsiz Azərbaycan vətəndaşlarına qarşı etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirib, sakinləri boşalmış şəhərləri dağıdıb, bir milyondan çox Azərbaycan vətəndaşını qaçqın və məcburi köçkün vəziyyətinə salıblar. Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında məscidləri və digər tarixi-mədəni abidələri dağıdıb, təhqir ediblər.
Ermənilər həmişə pis niyyətli və uydurma təbliğat apararaq dünya ictimaiyyətini aldatmağa çalışır, Azərbaycanı ermənilərə qarşı düşmən siyasət yürüdən ölkə, ermənilərin isə yazıq, məzlum xalq olduğunu göstərməyə çalışıblar. Amma həqiqət budur ki, ermənilərin özləri 100 ildən çoxdur Azərbaycan xalqına qarşı soyqırımı siyasəti həyata keçirirlər. Azərbaycan hökuməti və xalqı hər il soyqırımı qurbanlarının xatirəsini anır və beynəlxalq ictimaiyyəti ermənilərin qan tökməsini pisləməyə çağırır.
Qeyd edək ki, “Q8-press.com” saytında Azərbaycandakı dini icmaların liderlərinin 31 mart soyqırımı münasibətilə beynəlxalq ictimaiyyətə müraciəti dərc edilib.

31 mart 2021-04-01 18:24:00