×
A
A
A
Sazlamalar

Astarada videokonfrans: “Tariximizi heç vaxt unutmayaq”

Astara, 31 mart, Bağır Əliyev, AZƏRTAC

Martın 31-də Astara Rayon Heydər Əliyev Mərkəzinin, Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş “Tariximizi heç vaxt unutmayaq” mövzusunda videokonfrans keçirilib.
Onlayn tədbirdə Astara Pedaqoji Kollecinin, Ombudsmanın Cəlilabad Regional Mərkəzinin, Yardımlı və Zərdab Rayon Heydər Əliyev Mərkəzinin, Yeni Azərbaycan Partiyası Astara rayon təşkilatının, Astara Tarix-Diyarşünaslıq Muzeyinin, Astara Rayon Dövlət Rəsm Qalereyasının, Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşları, Astara şəhər 1 nömrəli, Təngərüd kənd tam orta məktəbinin müəllim və şagirdləri, könüllülər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, videokonfransda 31 Mart soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.
Onlayn tədbirdə çıxış edən Astara Rayon Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova bildirib ki, 1918-ci ildə həyata keçirilən azərbaycanlıların soyqırımından 103 il ötür. Uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulmuş həqiqətlər ümummilli lider Heydər Əliyevin ciddi səyləri ilə açılıb, həmin faciəli hadisələrə siyasi və hüquqi qiymət verilib.
Ulu öndər Heydər Əliyevin imzaladığı “1948–1953-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiya haqqında” 1997-ci il 18 dekabr tarixli Sərəncamında və “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanlarında ermənilərin xalqımıza qarşı aramsız tətbiq etdikləri deportasiyaların və soyqırımlarının tədqiq olunub dünya ictimaiyyətinə çatdırılması mühüm vəzifə kimi qarşıya qoyulub.
Videokonfransda Astara rayonunun Təngərüd kənd tam orta məktəbinin direktoru Xəqani Mahmudov, Astara Rayon Dövlət Rəsm Qalereyasının direktoru Naibə Mustafayeva, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev və başqaları mövzu ilə bağlı çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, “böyük Ermənistan” yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçiriblər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki qədim torpaqlarımızı əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan olundu, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi.
Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edildi. Ermənilər evlərə od vurub insanları diri-diri yandırdılar. Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıdaraq Bakının böyük bir hissəsini xarabalığa çevirdilər.
Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.

Regionlar 2021-03-31 19:03:00