×
A
A
A
Sazlamalar

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib. Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini Əli Abdullayev deyib ki, tarixən erməni şovinistləri tərəfindən xalqımıza qarşı etnik təmizləmə, soyqırımı siyasəti həyata keçirilib. 1918-ci ilin 30 mart – 3 aprel tarixlərində daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı növbəti soyqırımı aktını gerçəkləşdirib. Nəticədə rəsmi mənbələrə əsasən, on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib. Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran qoyulub.
“Erməni silahlı dəstələrinin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb”, – deyə nazirin birinci müavini vurğulayıb.
Ə.Abdullayev əlavə edib ki, 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 1918-ci il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb. Bu Fərman həm də gələcək nəsillərin milli yaddaşının qorunması baxımından da bir növ proqram sənədidir.
O vurğulayıb ki, Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut edib”.
Sonda qeyd olunub ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu ölkəmizə qarşı Ermənistanın hərbi-siyasi təcavüzünə son qoyub. Ərazi bütövlüyümüz bərpa olunub, torpaqlarımız işğaldan azad edilib. Bu qələbə müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və ordumuzdakı ruh yüksəkliyinin, döyüş əzminin nəticəsidir.

31 mart 2021-03-31 18:32:00