×
A
A
A
Sazlamalar

“Dini məbədlərin qorunması – mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda videokonfrans keçirilib

Bakı, 31 mart, AZƏRTAC

Martın 30-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə “Dini məbədlərin qorunması – mənəvi dəyərlərimizin tərkib hissəsi kimi” mövzusunda videokonfrans keçirilib.
Komitədən AZƏRTAC-a bildiriblər ki, tədbirdə DQİDK rəhbərliyi, Baş Prokurorluq, Daxili İşlər, Mədəniyyət nazirliklərinin nümayəndələri, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin təmsilçisi, Şuşa, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər, Ağdam, Tərtər şəhər və rayonlarının İH başçılarının müavinləri, rayon prokurorları, polis idarələrinin rəisləri, dini konfessiyaların, dini icmaların üzvləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov dövlətin yürütdüyü din siyasətinə diqqət çəkərək ölkəmizdə dini məbədlərin qorunmasının, müxtəlif dinlərə məxsus dini abidələrin, ibadətgahların təmir və tikintisinin prioritet məsələ kimi bu siyasətin əsas tərkib hissəsindən biri olduğunu vurğulayıb. Dövlət tərəfindən həm ölkə daxilində, həm də ölkə hüdudlarından kənarda dini konfessiyalara ayrı-seçkilik qoyulmadan bütün dinlərin tarixi-memarlıq abidələri, məscid, kilsə və sinaqoqlar, ziyarətgahlar təmir və ya bərpa olunur. Bu məsələ bu gün tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.
S.Heydərov bu gün işğaldan azad olunan ərazilərimizdəki tarixi-dini abidələrimizin bərpası və qorunmasının gündəm məsələlərindən birinə çevrildiyini qeyd edib. Bildirib ki, ermənilər Qarabağ bölgəsində İslam mədəniyyətinə aid olan muzeyləri, məscidləri və abidələri yerlə-yeksan edib, onların bir qismini saxtalaşdırılıb. Erməni vandallığına yalnız İslam abidələri deyil, xristian abidələri də məruz qalıb. Bu faktlara baxmayaraq, bir çox beynəlxalq qurumların, xüsusilə UNESCO-nun Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı susqunluq nümayiş etdirməsi, ermənilərin törətdiyi vandallığa göz yumması bizi təəssüfləndirir. Həmçinin bəzi müsəlman ölkələrinin bu proseslərə biganə və susqun yanaşması, “Part Saman Cahan” şirkətinin (İran) erməni separatçıları ilə razılaşaraq Şuşanın Yuxarı Gövhər Ağa məscidində təmir-bərpa işləri aparması Azərbaycan xalqının mədəni-dini mirasına qarşı yönəldilmiş hərəkətlərin davamı kimi qiymətləndirilir.
S.Heydərov çıxışında erməni vəhşiliyinin və vandallığının, törətdikləri çirkin əməllərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü kompleks tədbirlərin görülməsinin və sənədli filmlərin hazırlanmasının vacibliyinə də toxunub.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov “İşğaldan azad olunmuş ərazilərimizdəki tarixi-dini abidələr” mövzusunda məruzə ilə çıxış edərək bildirib ki, ermənilər bizim tarixi-dini abidələrimizə qarşı faktiki olaraq soyqırımı həyata keçiriblər. Ermənistan işğal altında qalan tarixi-dini abidələrimizlə bağlı fəaliyyəti 3 istiqamətdə həyata keçirib. Birinci istiqamət Türk-İslam abidələrinin hamısının dağıdılmasına yönəldilib. İkinci fəaliyyət istiqaməti Azərbaycanın tarixi irsi olan Alban məbədlərinin qriqoryan kilsəsinə çevrilməsidir. Laçın rayonu ərazisindəki “Ağoğlan”, Kəlbəcərdəki “Gəncəsar” məbədi qriqoryan kilsəsinə çevirilmişdi. Onları qriqoryan kilsəsinə çevirməkdə məqsəd Azərbaycan tarixi irsini öz mədəniyyətlərinin bir hissəsi kimi göstərməkdir. Qriqoryan kilsəsinə çevirə bilmədiklərinin hamısını dağıdıblar. Üçüncü istiqamət isə 2 məscidimizi dağıtmadan saxlayıb, tarixi-dini abidələrimizə hörmətlə yanaşdıqlarını əyani göstərmək üçün istifadə ediblər. Bu məscidlərdən biri İrəvan şəhərindəki “Göy məscid”, digəri isə Şuşadakı “Yuxarı Gövhər ağa” məscididir. Lakin bu iki məscidi İran-Fars mədəniyyətinin nümunəsi kimi təqdim ediblər. G.İsmayılov qeyd edib ki, ermənilərin bu iki məscidi təmir etməkdə məqsədi oradakı Azərbaycan izlərini itirməkdir.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli işğaldan azad edilən ərazilərdə aparılan monitorinqlərin nəticələrindən danışaraq oradakı abidələrimizin durumu, mədəniyyət müəssisələrinin hazırkı vəziyyəti barədə məlumat verib. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 706 dövlət qeydiyyatına alınmış tarixi-mədəniyyət abidəsinin, 2600-dən çox tarixi, arxeoloji və memarlıq abidəsinin mövcud olduğunu deyən A.Cəfərli qeyd edib ki, onların tam əksəriyyətinin tamamilə dağıdılması Ermənistanın vandallıq siyasətindən xəbər verir. Onlar bizim mədəni irsimizi ərazidən tamamilə silmək, abidələrin bizə məxsus olması ilə bağlı bütün faktları aradan götürmək istəyiblər. Bildirilib ki, ermənilərin vandallıq siyasətinin əsas hədəfi dini abidələr olub. Çünki dini abidələr hər bir xalqın minillərlə formalaşmış məfkurəsini əks etdirir və bu abidələrin qalması düşmənin mövqeyinə zidd olardı. Ermənilərin yalnız İslam abidələrinə deyil, ərazidə yerləşən xristian abidələrinə qarşı da törətdiyi vəhşiliklərdən bəhs edən A.Cəfərli Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən aparılmış tədqiqatın nəticələrindən ibarət təqdimatı da tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev bildirib ki, Prezident İlham Əliyevin nadir gedişləri, Azərbaycan Ordusunun gücü və cəmiyyətimizdəki milli-dini həmrəylik müharibənin taleyini həll etdi. O, eyni zamanda, Vətən müharibəsi dövründə ölkəmizdəki dini konfessiyaların Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında göstərdikləri fəallığa diqqət çəkib. Qeyd edib ki, mənfur düşmən tərəfindən Qafqaz Albaniyasına məxsus xristian məbədləri və rus pravoslav kilsələri qriqoriyanlaşdırılıb, məscidlər tövləyə çevrilərək İslam dinində haram sayılan heyvanların saxlanılması kimi misli görünməmiş həqarət əməllərinə məruz qalıb. Ermənilər Şuşadakı İoann Predteça pravoslav kilsəsini, digər bölgələrdəki Alban-udi məbədlərini qəsb edərək qriqoriyanlaşdırıb, Xocavənd pravoslav kilsəsini tamamilə dağıdıb.
Azərbaycan Alban-udi Xristian dini icmasının sədri Robert Mobili təqdimatla çıxış edərək qeyd edib ki, Qafqazda xristianlığın rəsmi din kimi strukturlaşmasının tarixi Alban kilsəsindən başlayır. Qədim qaynaqlar təkcə Azərbaycanın deyil, bütün Qafqazın dini-mədəni həyatında silinməz izlər qoymuş Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biri olduğunu sübut edir. Alban kilsəsinin qədimliyini təkcə tarixi faktlar yox, həm də mövcudluğunu dövrümüzə qədər qoruyub saxlamış qədim alban məbədləri təsdiqləyir. Qeyd edib ki, müxtəlif təzyiq və təsirlərdən sonra 1836-cı ildə Alban Apostol Kilsəsi ləğv edilib, onun maddi və mənəvi irsinin bir qisminə erməni qriqoryan kilsəsi sahib çıxmağa çalışıb. Nəticədə Azərbaycanda, xüsusilə Qarabağda tarixi alban məbədlərinin böyük bir qismi qriqoryanlaşdırılıb, tarixi abidələrimizlə yanaşı, arxiv materialları və sənədlər saxtalaşdırılıb. Alban irsinin, o cümlədən yaşı yüz illərlə, hətta min illərlə ölçülən Alban məbədlərinin qriqoryanlaşdırılması son yüz ildə Ermənistanın dövlət siyasətinə çevrilib. Bunun nəticəsidir ki, indiki Ermənistan ərazisində və Azərbaycanın işğaldan azad edilən torpaqlarında heç bir alban məbədi saxlanılmayıb. Ermənistan ya Alban məbədlərinin arxitekturasını dəyişdirərək qriqoryanlaşdırıb, ya da arxitekturasını dəyişdirə bilmədiyi məbədləri dağıdıb.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının nümayəndəsi Konstantin Pominov, Bakı şəhəri “Azərbaycan Bibliya Cəmiyyəti” xristian dini icmasının sədri Rasim Xəlilov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin nümayəndəsi Araz Qurbanov çıxışlarında bütün dinlərin insanları sülhə və əmin-amanlığa çağırdığını, Ermənistanın isə əksinə olaraq xristianlığı siyasiləşdirib müharibəyə dini motiv verməyə çalışdığını qeyd ediblər. Həmçinin çıxışlarda o da vurğulanıb ki, bu Vətən müharibəsində bütün dinlərə mənsub, o cümlədən rus, yəhudi və s. millətlərdən olan Azərbaycan vətəndaşları çiyin-çiyinə vuruşub.
Baş Prokurorluğun nümayəndəsi Qədir Məmmədov dini abidələrin, məbədlərin dağıdılmasının, saxtalaşdırılmasının beynəlxalq humanitar hüquq normalarının pozuntusu hesab edildiyini və müharibə cinayətləri kateqoriyasına aid olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, bu cinayətləri törətmiş şəxslər üçün ömürlük həbs cəzası nəzərdə tutulur. Müharibə başladığı gündən etibarən Baş Prokurorluq tərəfindən istintaq qrupu yaradılıb və bütün günahkarlar cəzalandırılacaq.

Din 2021-03-31 17:56:00