×
A
A
A
Sazlamalar

Bosniyanın xəbər agentliyi azərbaycanlıların soyqırımından yazıb

Bakı, 31 mart, AZƏRTAC

Bosniyanın FENA informasiya agentliyi azərbaycanlıların soyqırımının 103-cü ildönümünə həsr olunan məqalə çap edib.
AZƏRTAC xəbər verir ki, materialda “Daşnaksutyun” erməni millətçi partiyasının silahlı dəstələri tərəfindən 1918-ci il martın sonu və bütün aprel ayı ərzində azərbaycanlılara qarşı törədilən kütləvi qətllər, qarətlər və onların doğma yurdlarından qovulması haqda söhbət açılır.
Bir çox qədim tikililər, o cümlədən Bakının gözəl memarlıq abidələrindən biri olan məşhur “İsmailiyyə” binası, “Açıq söz”, “Kaspi” və “Bakı” qəzetlərinin redaksiyaları, həmçinin bir çox ziyarətgahlar artilleriya atəşləri nəticəsində dağıdılıb və talan edilib. Məqalədə qeyd olunur ki, ermənilər Təzəpir məscidinin minarəsinə ciddi ziyan vurub, Şamaxıdakı qədim Cümə məscidini isə yandırıblar.
Materialda vurğulanır ki, on minlərlə azərbaycanlı ermənilər tərəfindən törədilən kütləvi cinayətlərin qurbanına çevrilib. Daşnaklar Şamaxıda 110, Qubada 167, Qarabağda 150-dən artıq, Zəngəzur mahalında 115 kəndi talayıb, yandırıb, viran qoyublar. Heç bir təqsiri olmayan insanlar, o cümlədən qadınlar, uşaqlar və qocalar həlak olub.

31 mart 2021-03-31 17:57:00