×
A
A
A
Sazlamalar

Serbiya nəşri azərbaycanlıların soyqırımı barədə məqalə dərc edib

Belqrad, 31 mart, AZƏRTAC

Serbiyanın “Danas” nəşrində azərbaycanlıların soyqırımının 103-cü ildönümünə həsr olunan məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə 1918-ci ilin mart-aprel aylarında erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı törədilən, Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri hesab edilən və soyqırımı kimi müəyyən olunan kütləvi qırğından bəhs edilir.
Silahlı daşnaklar və onların havadarları tərəfindən Azərbaycan xalqına qarşı törədilən soyqırımı on minlərlə dinc sakinin həyatına son qoyub. Bu insanların yeganə “təqsiri” onların etnik və dini mənsubiyyətində idi. Məqalədə deyilir ki, azərbaycanlılara qarşı cinayətlər Bakıda, Bakı quberniyasının müxtəlif rayonlarında, həmçinin Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Kürdəmirdə törədilirdi. Kütləvi qətllər və qarətlər daha sonra Qarabağ, Zəngəzur, Naxçıvan, Göyçə və digər regionlarda davam edirdi.
Məqalədə vurğulanır ki, Azərbaycan Prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanı bu cinayətlərə siyasi-hüquqi qiymət verdi. O vaxtdan hər il martın 31-i Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir.


Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad

31 mart 2021-03-31 16:29:00