×
A
A
A
Sazlamalar

Azərbaycan Bəstəkarlar İttifaqında mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 31 mart, AZƏRTAC
Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Azərbaycan Bəstəkarlar İttifaqında anım tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri ittifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə açaraq ermənilərin Azərbaycanın şəhər və rayonlarında törətdikləri qanlı hadisələr haqqında danışıb. Qeyd edib ki, 1918-ci ilin mart-aprel aylarında erməni daşnaklarının dinc əhaliyə qarşı törətdikləri soyqırımı nəticəsində günahsız insanlar həlak olub.
Tədbirdə Bəstəkarlar İttifaqının katibləri, Əməkdar incəsənət xadimləri Zemfira Qafarova, Cəlal Abbasov, məsul katib, sənətşünaslıq üzrə elmlər doktoru Cəmilə Həsənova da 103 il bundan əvvəl baş vermiş soyqırımı hadisəsi haqqında, erməni şovinistləri tərəfindən etnik və dini zəmində Bakıda və ölkənin müxtəlif regionlarında 50 mindən çox insanın məhv edilməsindən danışaraq vurğulayıblar ki, bu hadisələr heç zaman Azərbaycan xalqının yaddaşından silinməyəcək.
Azərbaycan Bəstəkarlar İttifaqında hər il martın 31-də bu qanlı hadisələrin qurbanlarının xatirəsinə həsr olunmuş tədbirlər keçirilir. Ənənəvi olaraq, bu tədbirlərdə Azərbaycan bəstəkarlarının memorial janrda yazdıqları əsərlər səsləndirilir. Tədbirdə Bəstəkarlar İttifaqında Qarabağ torpağının yetirmələri olan iki bəstəkarın - Rauf Əliyevin (simfonik orkestr üçün “Şuşanın sıldırım dərələri xatırlanarkən”) və Cəlal Abbasovun (simli orkestr üçün “İn memoriam...”) dərin faciəvi ruhlu əsərlərinin səsyazıları təqdim olunub.
Tədbirin sonunda iştirakçılar soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mədəniyyət 2021-03-31 16:05:00