×
A
A
A
Sazlamalar

AMEA-nın Lənkəran Regional Elmi Mərkəzdə Mart soyqırımının qurbanlarının xatirəsi yad olunub

Lənkəran, 31 mart, Bağır Əliyev, AZƏRTAC
AMEA-nın Lənkəran Regional Elmi Mərkəzdə Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş onlayn tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə 31Mart soyqırımı qurbanlarının, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Onlayn tədbirdə çıxış edən AMEA-nın Lənkəran Regional Elmi Mərkəzin direktoru, professor Fərman Quliyev ötən əsrin əvvəllərində baş vermiş faciəvi hadisələrdən danışaraq bildirib ki, erməni daşnakları xalqımıza qarşı soyqırımı siyasətini planlı surətdə həyata keçirib, uşağa, qadına, yaşlıya, bir sözlə, heç kəsə rəhm etməyiblər. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan soyqırımı sonra ölkənin digər bölgələrində davam etdirilib, minlərlə günahsız insanın qətli ilə nəticələnib.
Elmi Mərkəzin direktor müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı geniş məruzə edib.
Mərhələlərlə azərbaycanlılara qarşı ermənilərin apardığı soyqırımı siyasətini faktlarla diqqətə çatdıran məruzəçi, erməni daşnaklarının cənub bölgəsində, o cümlədən Lənkəran rayonunun kəndlərində dinc əhaliyə qarşı vəhşiliklərinin bu gün də xatırlandığını, bu münasibətlə Lənkəran şəhərində, rayonun Sütəmurdov, Gərmətük kəndlərində soyqırımı qurbanlarının xatirəsinə abidələrin ucaldıldığını, qətliam zamanı azərbaycanlılara divan tutulduğunu, soydaşlarımızın amansız işgəncələrə, qarətlərə məruz qaldığını bildirib.
Onlayn tədbirdə çıxış edən mərkəzin əməkdaşı Aydan Qurbanova və başqaları 44 günlük Vətən müharibəsində ermənilər tərəfindən zəbt olunmuş torpaqlarımızın geri qaytarılmasından danışaraq tarixi həqiqətlərin bərpa edilməsində Prezident İlham Əliyevin möhtəşəm rolunu yüksək dəyərləndiriblər.

Regionlar 2021-03-31 15:59:00