×
A
A
A
Sazlamalar

Azərbaycanlıların soyqırımının 103-cü ildönümü Quba Soyqırımı Memorial Kompleksində anılıb VİDEO

Quba, 31 mart, Elxan Yusifli, AZƏRTAC

Azərbaycanlıların soyqırımının 103-cü ildönümü ilə bağlı martın 31-də Quba Soyqırımı Memorial Kompleksində anım mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüblər.
Mədəniyyət naziri Anar Kərimov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Quba Soyqırımı Memorial Kompleksinin ərazisində soyqırımı qurbanlarının xatirəsinə ucaldılan abidəni ziyarət ediblər.
Daha sonra Quba Soyqırımı Memorial Kompleksində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən foto və kitab sərgisi ilə tanışlıq olub.
Anar Kərimov Quba Soyqırımı Memorial Kompleksinin xatirə kitabına ürək sözlərini yazıb.
Mədəniyyət naziri media nümayəndələrinə müsahibəsində bildirib ki, 1918-ci ilin mart-aprel aylarında daşnak-bolşevik silahlı dəstələri Azərbaycan xalqına qarşı xüsusi qəddarlıqla soyqırımı törədiblər. Yüz üç il əvvəl erməni millətçiləri Bakıda, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakini məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetiriblər. Azərbaycanın Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrində kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçirən düşmənin bu vandalizm əməlləri nəticəsində yüzlərlə yaşayış məntəqəsi dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib.
“Ermənilər təkcə 103 il əvvəl deyil, 1990-cı illərin əvvəllərində də Azərbaycan ərazilərini işğal etməklə dinc insanlarımıza qarşı qətliamlar törədib, Xocalı soyqırımını həyata keçiriblər. Bu işğal nəticəsində insanlarımız öz doğma yurdlarından didərgin düşdülər. Bu onun göstəricisidir ki, ermənilərdə nəsil dəyişsə də, faşist ideologiyası dəyişmir və bu, onların dövlət siyasətinin bünövrəsini təşkil edir. 1918-ci ildə törədilən soyqırımı təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı törədilmiş cinayətdir. Məhz buna görə də bu məsələyə beynəlxalq müstəvidə qiymət verilməlidir və tanıdılmalıdır. Biz heç zaman ermənilərin azərbaycanlılara qarşı törədilən cinayətlərini unutmamalıyıq və unutdurmamalıyıq”, - deyə Anar Kərimov söyləyib.
Mədəniyyət naziri bildirib ki, həm 44 günlük Vətən müharibəsi, həm Xocalı soyqırımı, həm də başqa tarixi filmlərin çəkilməsi planlaşdırılır.
“Bu yaxınlarda Türkiyəyə səfər zamanı bu fikirlər və layihələr müzakirə olunub. Birgə istehsal olunacaq bu filmlərlə həm ölkəmizdə, həm də Azərbaycan həqiqətləri beynəlxalq səviyyədə dünyaya çatdırılacaq”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin 2009-cu il oktyabrın 30-da imzaladığı müvafiq Sərəncama əsasən, Heydər Əliyev Fondunun dəstəyi ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi inşa edilib. 2013-cü il sentyabrın 18-də dövlətimizin başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu kompleksin açılışı olub. Soyqırımı kompleksində yalnız Quba qəzasında deyil, Bakı quberniyasının Cavad, Göyçay, Şamaxı və Bakı qəzalarında törədilmiş soyqırımına dair məlumatların əks olunduğu tarixi sənədlər saxlanılır.

 

Regionlar 2021-03-31 15:51:00

Video