×
A
A
A
Sazlamalar

Azərbaycanlılara qarşı son iki əsrdə məqsədyönlü şəkildə etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirilib

Göyçay, 31 mart, AZƏRTAC

Göyçay şəhərindəki Şəhidlər xiyabanında “Azərbaycanlıların soyqırımı” abidə kompleksinin qarşısında 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib. Karantin qaydalarına uyğun təşkil olunan tədbirdə rayon rəhbərləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ağsaqqallar, din xadimləri və şəhid ailələrinin üzvləri iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın başçılığı ilə Bakı, Şamaxı, Quba, eləcə də Azərbaycanın digər bölgələrində törədilən soyqırımı qurbanlarının, habelə vətənimizin azadlığı, torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxışlarda vurğulanıb ki, son iki əsrdə azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilmiş etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə və məşəqqətlərə məruz qalıb. Mərhələ-mərhələ gücləndirilən belə qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi Ermənistan adlandırılan ərazidən, min illər boyu yaşadıqları tarixi torpaqlarından didərgin salınaraq kütləvi qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran edilib.
Diqqətə çatdırılıb ki, Azərbaycan xalqına qarşı törədilən soyqırımı hadisələrinə siyasi-hüquqi qiymət verilməsi məsələsinə həssaslıqla yanaşan ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli fərmanı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü elan olunub.
Qeyd edək ki, “Azərbaycanlıların soyqırımı” abidə kompleksində 31 Mart - Azərbaycanlıların soyqırımı, eləcə də 26 Fevral - Xocalı soyqırımına dair fotolar, hadisə qurbanları, şəhidlər, yaralanan insanlar barədə qısa məlumat öz əksini tapıb.
Tədbirin sonunda Şəhidlər xiyabanında Vətən müharibəsi şəhidləri ehtiramla yad olunaraq, məzarları üzərinə tər qərənfillər düzülüb.

Regionlar 2021-03-31 15:43:00