×
A
A
A
Sazlamalar

Əlcəzair portalı azərbaycanlıların mart soyqırımı ilə bağlı tarixi faktları yayıb

Qahirə, 31 mart, AZƏRTAC

Əlcəzairin “Dzayerinfo” informasiya portalı “31 mart soyqırımı tarixi sənədlərdə” sərlövhəli geniş məqalə yayıb.
AZƏRTAC xəbər verir ki, əlcəzairli oxuculara 1918-ci il martın sonu və aprelin əvvəllərində Bakı başda olmaqla, Azərbaycanın müxtəlif bölgələrində erməni quldur dəstələrinin dinc azərbaycanlılara qarşı törətdikləri qırğınlar barədə tarixi sənədlər və nüfuzlu mətbuat orqanlarına istinadla məlumatlar təqdim edilir.
Müəllif “The New York Times” qəzetinin 1920-ci il 2 mart tarixli nömrəsində “Qafqazda yeni respublikalar” sərlövhəli məqaləsindən sitat gətirib. Həmin yazıda qeyd olunub ki, bolşeviklərin yaratdığı Bakı Soveti ilə əlaqədə olan və daşnaklardan ibarət erməni silahlı dəstələri Stepan Şaumyanın başçılığı ilə 1918-ci il martın 30-dan aprelin 3-dək Bakıda dəhşətli kütləvi qırğınlar törədərək, 15 minə yaxın dinc azərbaycanlını qətlə yetiriblər.
Yazıda digər Qərb jurnalist və tarixçilərinin məqalələri, həmçinin tarixi sənədlərə istinadla erməni quldur dəstələrinin törətdikləri qırğınlar, Azərbaycan Xalq Cümhuriyyəti dövründə bu cinayətlərin araşdırılması məqsədilə yaradılan təhqiqat komissiyasının fəaliyyəti barədə müfəssəl məlumat verilib.
Sonda vurğulanıb ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.


Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

31 mart 2021-03-31 14:42:00