×
A
A
A
Sazlamalar

31 mart soyqırımı erməni xislətinin, vəhşiliyinin və qəddarlığının ən bariz nümunəsidir

Biz ermənilərdən fərqli olaraq, soyqırımı ilə xaricdən özümüzə maliyyə yardımı almağa yox, həqiqəti dünyaya çatdırmağa çalışırıq.

Heydər ƏLİYEV
Ümummilli Lider

Bakı, 31 mart, AZƏRTAC
Yüz ildən artıq idi ki, biz martın son günlərini dərin ürək ağrıları ilə yaşayırdıq. Bu il isə mart soyqırımını xatırlamaqla yanaşı, qəddar düşmən üzərindəki şanlı Qələbəmizin sevincini də yaşayırıq. Çünki ötən ilin son aylarında biz əsrlərdən bəri güclü təşkilatlanmış düşmən üzərində zəfər çaldıq. Biz Mart soyqırımını törədən nəslin davamçıları üzərində zəfər çaldıq. Müzəffər Ali Baş Komandan Mart soyqırımını törədən vəhşi millətin üzərində parlaq Zəfər çaldı. Ordumuz əsrlərlə təşkilatlanmış düşmənin silahlı qüvvələrini darmadağın etdi.
AZƏRTAC xəbər verir ki, bunu politoloq Şəbnəm Həsənova bildirib.
Politoloq qeyd edib ki, erməni şovinistləri tarixin müxtəlif dövrlərində mifik “böyük Ermənistan” xəyalını gerçəkləşdirmək istiqamətində Rusiyanın və Qərbin imperiya siyasətinin aləti olaraq, xalqımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. Ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, sistemli şəkildə həyata keçirdiyi soyqırımı siyasəti tarixin ayrı-ayrı mərhələlərində amansızcasına təşkil olunub və özünü kəskin şəkildə büruzə verib. Bu məkrli planın nəticəsi olaraq Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart ayında xüsusi qəddarlıqla törədilmiş qırğınlardır.
Bakı Xalq Komissarları Sovetinin sədri Stepan Şaumyanın rəhbərlik etdiyi bolşevik-daşnak rejiminin hakimiyyəti dövründə Azərbaycanda güclənməkdə olan milli dirçəliş prosesi, "Müsavat" partiyasının nüfuzu davamlı olaraq artırdı. Bolşeviklərin yerli əhali arasında nüfuzu yox dərəcəsində idi, sosial dayaqlarını isə getdikcə tamamilə itirirdilər. Bu məsələ öz əksini 1917-ci ilin oktyabrında daha qabarıq şəkildə büruzə verdi. Belə ki, 1917-ci ilin oktyabrında Bakı Sovetinə keçirilən seçkilərdə bolşeviklər cüzi səs qazandılar və demək olar ki, “Müsavat” Partiyasına uduzdular. “Müsavat” Partiyasının nüfuzu, eyni zamanda, Azərbaycanın ərazi muxtariyyəti və siyasi hakimiyyət uğrunda qətiyyətli mübarizəsi bolşevikləri ciddi şəkildə narahat edir, onlar xalqımıza qarşı hiddətlənirdilər. Bütün bu amillər bolşevik-daşnak qruplarını daha da yaxınlaşdırdı. Məhz bu səbəbdən də S.Şaumyan Bakıda xalqın baş qaldıran milli azadlıq, qurtuluş hərəkatını elə yerindəcə boğmaq, eyni zamanda, “Müsavat” Partiyasının sosial bazasını zəiflətmək və ən əsası müsəlmanlara “dərs vermək” məqsədilə azərbaycanlılara qarşı milli qırğın törətdi. Çünki S.Şaumyanın “Bakı heç bir zaman müsəlmanların paytaxtı olmayacaq” kimi qanlı hədəfi var idi.
Azərbaycanlıların soyqırımı bəşəriyyətə, bütün insanlığa qarşı törədilən erməni vandalizminin təzahürlərindən sadəcə biridir. Bu səbəbdən də martın 31-i ölkəmizdə hər il Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Bu amansız aktın nəticəsi olaraq yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı qəddarcasına qətlə yetirilib. Yalnız milli mənsubiyyətə görə dinc azərbaycanlını qırmaq erməni şovinizminin çoxəsrlik amalı və planı olub.
Mart soyqırımı xüsusi amansızlıqla Bakı, Quba, Şamaxı, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın başqa bölgələrində həyata keçirilib. Tarix boyu erməni qəddarlığının xüsusiyyəti ondan ibarət olub ki, onlar, sadəcə, dinc əhalini qırmaqla kifayətlənməyib, şəhərləri, kəndləri yandırıblar. Mədəniyyət və sivilizasiya düşməni olan bu vəhşilər milli mədəniyyət abidələrini də yerlə-yeksan ediblər. Soyqırımı aktının nəticəsi olaraq 1918-ci ilin mart-aprel aylarında Bakı, Quba, Şamaxı, Lənkəran və Muğanda otuz mindən çox azərbaycanlı qətlə yetirilib, on minlərlə insan isə öz dədə-baba yurdundan zorla qovulub. Bakıda on minə yaxın azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib. Ümumiyyətlə, bu soyqırımı çərçivəsində əhali üzərində yaş və cins kateqoriyasına məhəl qoymadan qətliam həyata keçirilib. Bu isə erməni işgəncəsinin, simasının xarakterik xüsusiyyətidir… Bütövlükdə, Azərbaycan xalqının əzmini, mübarizliyini, məğrurluğunu sındıra bilməyən düşmənin bu cür soyqırımları törətməsi onun tarixinə, mədəniyyətinə, mənəviyyatına sahib olmaqdan ötrü atılan addımlardır.
1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” fərman erməni millətçilərinin əməllərinə verilən ilk hərtərəfli və əhatəli hüquqi-siyasi dəyərləndirmə sənədi oldu. Fərman Azərbaycanın indiki nəslinin milli yaddaşının qorunması, ən əsası gələcək nəsillərə milli kimliyimizin dərk edilməsi, onun məruz qaldığı ədalətsizliyin, haqsızlığın çatdırılması baxımından da bir növ proqram sənədidir.
Mart soyqırımının tərkib hissəsi olaraq ölkənin müxtəlif regionlarında törədilən qətliamlar nəticəsində təkcə on minlərlə Azərbaycan türkü yox, eyni zamanda, başqa xalqların nümayəndələri də amansızcasına qətlə yetirilib. Bu qəddarlığın həcmi və reallığı Sovet dövründə bizə unutdurulmağa çalışılsa da, son zamanlar bu soyqırımı aktı ilə əlaqədar olaraq bir çox faktlar və sənədlər aşkarlanaraq, dünya ictimaiyyətinin nəzərinə çatdırılır. Quba şəhərində tapılan kütləvi məzarlıq bu faciənin qanlı epizodlarından, əyani sübutlarından biridir. 2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə “Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair tədbirlər planı” təsdiq edilib, aşkar olunmuş kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. Bundan sonra 2013-cü il sentyabrın 18-də ərazidə yaradılmış Quba Soyqırımı Memorial Kompleksinin açılışı olub. Aparılan tədqiqat zamanı müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də qəddarcasına qətlə yetirilərək basdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncam imzalanıb. Ermənistan illərlə xalqımıza qənim kəsilmiş, dədə-baba torpaqlarımıza göz dikmişdir. Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının nə qədər əsaslı olub-olmadığını bilmək isə elə də çətin deyil, bunun üçün ötəri olaraq tarixə ekskurs etmək kifayətdir. Ermənilər Qafqazda, o cümlədən Azərbaycanda imperialist siyasətin tərkib hissəsi olaraq şüurlu şəkildə məskunlaşdırılıblar. Eyni zamanda, indiki Ermənistan əzəli Azərbaycan torpaqları hesabına süni olaraq yaradılıb, belə ki, onların tarixi, hüquqi-siyasi əsası olmayıb. Çünki tarixi qaynaqlar da sübut edir ki, heç vaxt qədim Ermənistan dövləti olmayıb.
Ümummilli lider Heydər Əliyevin dili ilə desək, biz ermənilərdən fərqli olaraq, soyqırımı ilə xaricdən özümüzə maliyyə yardımı almağa yox, həqiqəti dünyaya çatdırmağa çalışırıq. Ümummilli liderin siyasətinin layiqli davamçısı cənab Prezident İlham Əliyev 17 illik prezidentlik fəaliyyəti dövründə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün beynəlxalq tribunalardan məharətlə istifadə edib. Ermənistanın əsl simasını, işğalçı və terrorist mahiyyətini faktlarla sübut edib.
Beləliklə də vaxt-vədə elə yetişdi ki, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu və hər detalı ən incə məqamına qədər hesablayan və diqqətə alan uzaqgörən diplomatiyamız zəif düşmən üzərində deyil, əsrlərlə, illərlə güclü təşkilatlanmış düşmən, eyni zamanda, onu himayə edən qərəzli, məkrli qüvvələr üzərində qələbə çaldı. Beləliklə, Vətən müharibəsində Prezident İlham Əliyev təkcə Paşinyanı və Ermənistanı diz çökdürmədi, uzun illər Ermənistan dövlətinin və erməni lobbisinin təməl prinsipi olaraq müəyyənləşdirilmiş anti-Azərbaycan, antitürk siyasətini məhv etdi. Azərbaycan xalqına qarşı Mart qırğınını törətmiş cəlladların, cinayətkarların davamçılarına, eyni zamanda, onların himayədarlarına da dərs verdi, onların ordusunu darmadağın etdi.
Azərbaycana qələbə sevincini bəxş edən Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman əsgər və zabitlərimiz 20 Yanvar şəhidlərinin, Xocalı qurbanlarının, mart soyqırımının, Gəncə, Tərtər, Bərdədə həlak olan günahsız insanların qisasını aldı. İndi Azərbaycanı layiqli əllərə, Azərbaycanın məğrur və qürurlu oğlu İlham ƏIiyevə əmanət qoyub gedən ulu öndər Heydər Əliyevin, şəhidlik mərtəbəsinə ucalan bütün əsgər və zabitlərimizin, günahsız insanların da ruhları şaddır.
Sözünün imzası qədər dəyəri olan şanlı Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyev bu dəfə də əməli ilə xalqının ümidlərini doğrultdu və əzəli, dədə-baba torpaqlarımızı işğaldan azad etdi, bütün günahsız, dinc insanlarımızın qisasını aldı.

31 mart 2021-03-31 14:16:00