×
A
A
A
Sazlamalar

İordaniyanın informasiya agentliyi Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı səfirliyin bəyanatını yayıb

Qahirə, 31 mart, AZƏRTAC
İordaniyanın “Nayrouz” informasiya agentliyi 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Azərbaycanın bu ölkədəki səfirliyinin bəyanatını yayıb.
AZƏRTAC xəbər verir ki, bəyanatda ermənilərin “böyük Ermənistan” ideyasından çıxış edərək son iki əsrdə azərbaycanlılara qarşı törətdikləri qırğınlar haqqında ətraflı məlumat verilir. Qeyd olunur ki, erməni quldur dəstələri 1905-1907-ci illərdə Bakı, Zəngəzur, İrəvan, Naxçıvan, Şamaxı və Qazaxda, 1918-ci ilin mart-aprelində isə Azərbaycanın bir çox bölgələrində insanlıq əleyhinə ağır cinayətlər törədiblər.
Bəyanatda Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü il sentyabrın 18-də Quba Soyqırımı Memorial Kompleksinin açılışında sovet dövründə erməni cinayətkarların qəhrəman kimi təqdim edildiyi, lakin bu gün tarixi ədalətin bərpa olunduğu barədə söylədiyi fikirlər yer alıb.
İordaniya ictimaiyyətinin diqqətinə çatdırılır ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasından sonra da müxtəlif təxribatlara əl atan ermənilər minalanmış ərazilərimizin xəritələrini verməkdən imtina edirlər.


Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Qan yaddaşı 2021-03-31 13:27:00