×
A
A
A
Sazlamalar

Yaycı kəndində 1918-ci ildə ermənilər tərəfindən dəhşətli qətllər törədilib

Naxçıvan, 31 mart, AZƏRTAC

1918-ci ildə ölkəmizin bir çox bölgələrində olduğu kimi, muxtar respublikanın Culfa rayonunun Yaycı kəndində də cəllad Andranikin erməni quldur dəstələri tərəfindən dəhşətli qətllər törədilib. Ermənilər kəndi dağıdıb, yüzlərlə Yaycı sakinini qətlə yetiriblər. Onların xatirəsinin əbədiləşdirilməsi üçün 2007-ci ildə Yaycı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu faktlar Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatı tərəfindən Azərbaycanlıların Soyqırımı Günü münasibətilə Yaycı kəndində keçirilən anım tədbirində diqqətə çatdırılıb.
Tədbir iştirakçıları əvvəlcə Yaycı kəndində soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ucaldılmış abidəni və Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib, gül dəstələri qoyublar.
Yeni Azərbaycan Partiyası Culfa Rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov bildirib ki, 1918-ci ilin mart qırğınları ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdikləri soyqırımıdır. Ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra bu məsələyə prinsipial yanaşma nümayiş etdirilib, azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətinin əsl mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılıb. Ümummilli Liderimizin “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə hər il respublikamızda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü kimi yad olunur.
“1918-1921-ci illərdə Naxçıvanda еrmənilər tərəfindən, ümumilikdə, 73 min 727 nəfər azərbaycanlı vəhşiliklə qətlə yetirilib”, - deyən Qadir İbrahimov qeyd edib ki, bu gün qüdrətli Azərbaycan dövləti, güclü ordumuz regionda sülhün və sabitliyin təminatçısına çevrilib. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz 44 gün ərzində Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünü bərpa edib, erməni faşizmi üzərində tarixi, şanlı qələbə qazanıb. Bu gün Vətən uğrunda canlarından keçən bütün şəhidlərimizin, o cümlədən soyqırımı qurbanlarının ruhları şaddır.

Regionlar 2021-03-31 11:59:00