×
A
A
A
Sazlamalar

Qanla yazılmış tarix - Şamaxı soyqırımı

Şamaxı, 31 mart, Adil Ağayev, AZƏRTAC
Şamaxıda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü hər il olduğu kimi ağır xatirələrlə yad edilir.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bildirib ki, hər bir azərbaycanlı üçün 1918-ci ilin mart-aprel soyqırımı unudulmaz, qanlı bir tarixdir. Arxiv sənədləri ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri ilk qətliamların XIX əsrin 80-ci illərində İrəvan şəhərində törədildiyini göstərir. 1905-1906-cı illərdə isə konkret məqsəd “böyük Ermənistan” yaratmaq xülyaları olub. Bunun üçün azərbaycanlıların yaşadıqları şəhər və kəndlər dağıdılır, insanları qırır, yurd-yuvalarından didərgin salırdılar. Qırğınların zirvə nöqtəsi 1918-ci ilin mart soyqırımı olub. 1918-ci ilin martında S.Şaumyanın başçılığı ilə Bakıda yerli müsəlman əhalisinin dörddə biri qəddarlıqla törədilən qırğının hədəfi olub. Bu, müxtəlif tarixi mənbələrə istinadən 20-25 min nəfər insan idi.
Onun sözlərinə görə, Bakı qırğınından sonra 1918-ci il aprelin 10-da insanlığa yaraşmayan vəhşilikləri ilə tanınan Stepan Lalayan və Tatevos Əmirovun başçılığı ilə təpədən dırnağadək silahlanan 3400 nəfərlik daşnak hərbi birləşmələri qəflətən Şamaxıya hücum etdi. Bu quldur dəstələrinin 400 nəfəri Kürdəmir istiqamətindən gəlmişdi. Stepan Şaumyan tərəfindən onlara köməyə 3000 nəfərlik əlavə qüvvə göndərilmişdi.
Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası müsəlman əhaliyə qarşı törədilən cinayətləri təhqiq etmək üçün yaratdığı Fövqəladə İstintaq Komissiyasının rəyinə görə, qətliamlar azərbaycanlılara qarşı qabaqcadan hazırlanan və planlı surətdə həyata keçirilən soyqırımı siyasətinin tərkib hissəsi idi. Şamaxı qəzasında o vaxt 120 kənd olub ki, bu kəndlərin 86-sı (bəzi mənbələrdə 106-sı) ermənilər tərəfindən dağıdılıb və yandırılıb. Komissiyanın hazırladığı sənəddə təsdiq edilir ki, Şamaxı qəzasının 53 kəndində ermənilər 8027 azərbaycanlını qətlə yetirib. Öldürülənlərdən 4190 nəfəri kişi, 2560 nəfəri qadın, 1277 nəfəri isə uşaqdır. Məscidlərə pənah gətirən insanlar diri-diri yandırılırdı. Təkcə Cümə məscidində 1700 nəfərdən çox günahsiz insan öldürülüb. Ermənilər Şamaxının 22 nəfər nüfuzlu sakinini, o cümlədən Axund Səfərqulunu, şəhər hakimi Teymur Xudaverdiyevi, Dövlət Dumasının deputatı Məmməd Əliyevi də qətlə yetiriblər.
Fariz Xəlilli qeyd edib ki, 1920-ci il aprelin 27-də sovet Rusiyası Azərbaycanı işğal etdikdən sonra Fövqəladə İstintaq Komissiyanın təhqiqat aparmasının qarşısı alındı və nəticədə digər 33 kənddəki qırğın və qətliamlar barədə dəqiq məlumat verilmədi. Diqqəti azərbaycanlılara qarşı törədilən soyqırımı siyasətindən yayındırmağa çalışdılar. Bu gün də Ermənistan və erməni diasporu 1918-ci ilin mart-aprel aylarında azərbaycanlılara qarşı qətliamları, 1992-ci ildə Xocalıda əksəriyyəti qadınlar, qocalar və uşaqlar olmaqla, 630 nəfərin qətlə yetirdiyini gizlətməyə, ört-basdır etməyə çalışır. Bu gün tədqiqatçı alimlər diqqəti bir məsələyə də yönəldirlər ki, ermənilər Azərbaycanda soyqırımı siyasətini təkcə azərbaycanlılara qarşı yox, həm də digər xalqlara, o cümlədən yəhudilərə və almanlara qarşı da törədiblər. Təsadüfi deyil ki, artıq Qubada yəhudilərin yaşadıqları Qırmızı qəsəbədə bu qırğının dəhşətləri tarixi həqiqət kimi öz təsdiqini tapıb. Tarixçi bildirib ki, ermənilərin Şamaxıda törətdikləri qətliamların, ümumiyyətlə azərbaycanlılara qarşı soyqırımı siyasətinin və bu siyasətin dəhşətli nəticələrinin obyektiv tədqiqatı və təhlili yalnız 1991-ci il oktyabrın 18-dən, ölkəmizdə dövlət müstəqilliyi bərpa edildikdən sonra mümkün oldu. Bu sahədə ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı xüsusi əhəmiyyət kəsb edir. Əlbəttə, soyqırımının dəhşətli nəticələrinin tədqiqatı uzun vaxt tələb edəcək. Arxivlərdə bu hadisələrin dəhşətli mənzərəsini göstərən və hələ də açılmayan saysız sənədlər, ermənilər tərəfindən öldürülən insanların kütləvi məzarlıqları var. Ötən ilin sentyabrın 27-dən başlanan və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başa çatan 44 günlük tarixi qələbədən sonra ermənilərin qovulduqları şəhər və kəndlərimizdə qoyduqları dəhşətli dağıntılar, minalanan ərazilər azərbaycanlılara qarşı soyqırımı siyasətinin bu gün də davam etdirildiyini göstərir.

Regionlar 2021-03-31 11:53:00