×
A
A
A
Sazlamalar

Ukrayna portalında Azərbaycanlıların Soyqırımı Günü haqqında məqalə dərc edilib

Kiyev, 31 mart, AZƏRTAC

Ukraynanın populyar www.5.ua xəbər portalında azərbaycanlı alim, tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidinin “XX əsrdə Azərbaycan qırğınları” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundova məqaləyə ön söz yazıb. Səfir vurğulayır ki, 31 mart Azərbaycanlıların Soyqırımı Günü Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanı ilə təsis edilmiş rəsmi anım günüdür.
O vaxtdan etibarən hər il martın 31-də 1918-ci ilin mart ayında Bakı, Şamaxı, Quba və digər Azərbaycan şəhərlərində baş vermiş hadisələrin qurbanlarının xatirəsinə həsr edilmiş matəm tədbirləri Azərbaycanda və Azərbaycanın xaricdəki diasporu xətti ilə qeyd edilir. Təəssüf ki, XX əsrin sonunda Birinci Qarabağ müharibəsi dövründə yenə oxşar hadisələr baş verib. 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərində yüzlərlə dinc sakin qətlə yetirilib.
E.Axundova yazır: “Çox təəssüf ki, bir sıra başqa xalqların tarixində də mülki əhaliyə qarşı bu cür cinayətlər törədilib. Gələcək nəslin taleyində tarixin bu cür təkrarlanmaması üçün biz səylərimizi birləşdirməliyik, bunun üçün isə tarixi öyrənməyə və yadda saxlamağa borcluyuq”.
Sonra səfir professor Solmaz-Tohidinin Azərbaycan xalqının tarixində bu faciəli səhifələr barədə elmi məqaləsini oxuculara təqdim edib. Qeyd edək ki, professor Solmaz-Tohidinin elmi işləri Türkiyə, Böyük Britaniya, Niderland, Avstriya, Gürcüstan, İran, Özbəkistan, Qazaxıstan və digər ölkələrdə dərc edilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

31 mart 2021-03-31 11:41:00