×
A
A
A
Sazlamalar

Azərbaycanlı alimin Xocalı soyqırımı ilə bağlı məqaləsi ABŞ mətbuatında dərc olunub

Bakı, 30 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin insan hüquqları və informasiya hüququ üzrə UNESCO kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Zaur Əliyevin Xocalı soyqırımı ilə bağlı məqaləsi ABŞ qəzetində dərc olunub.
AZƏRTAC xəbər verir ki, ABŞ-ın yəhudi icmasının nəşri olan “The Bukharian Times” qəzetində dərc edilən “Khojaly genocide: international law aspects” sərlövhəli məqalədə Dağlıq Qarabağ, o cümlədən Xocalı və ətraf ərazilərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu beynəlxalq hüquq baxımdan əsaslandırılıb.
Məqalədə, həmçinin qeyd olunur ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatına və növbəti hərbi təcavüzünə cavab olaraq, torpaqlarımızın işğaldan qurtarılması, Ermənistanın sülhə məcbur edilməsi, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi, məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və ədalətin bərpası üçün 44 gün davam edən Vətən müharibəsində müzəffər Azərbaycan Ordusu parlaq Zəfər qazandı. Azərbaycan Ordusunun zəfər yürüşünə dözə bilməyən Ermənistan müxtəlif təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törətdi. 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud şəkildə pozan Ermənistan müxtəlif şəhər və rayonları, yaşayış məntəqələrini qadağan olunmuş hərbi sursatlardan atəşə tutaraq dinc sakinləri qırğına məruz qoydu.
Yazıda, eyni zamanda, vurğulanır ki, Ermənistan hərbi qüvvələri tərəfindən Xocalıda törədilmiş əməllərin əvvəlcədən düşünülmüş qaydada, milli əlamətinə görə konkret bir qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi onun beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu sübut edir. Müəllif vurğulayır ki, həmçinin Xocalıda uşaqların valideynlərindən zorla alınması faktı da məlumdur.
Müəllif, həmçinin qeyd edir ki, faciə zamanı yüzlərlə azərbaycanlı ermənilər tərəfindən girov götürülüb. Uşaqların zorla bir qrupdan alınıb başqa bir qrupa verilməsi də soyqırımı cinayətinin obyektiv cəhətini təşkil edən əlamətlərdəndir. Bütün bunlar isə ermənilərin Xocalıda məhz soyqırımı cinayəti törətdiklərini bir daha sübut edir. Müəllif xüsusi vurğulayır ki, ermənilər tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilmiş əməllər beynəlxalq hüquqa müvafiq olaraq beynəlxalq cinayət – soyqırımı kimi qiymətləndirilməlidir. Beynəlxalq hüquqa əsasən soyqırımı törədənlərin cəzalandırılması onun törədilməsi vaxtından asılı olmayaraq zəruridir. Azərbaycanlılara qarşı soyqırımı törətmiş (istər cinayətin bilavasitə icraçıları, istərsə də təşkilatçıları) şəxslər, vəzifə mövqeyindən asılı olmayaraq, (cinayətkarın dövlət başçısı və ya vəzifəli şəxs qismində çıxış etməsi ona immunitetdən istifadə etmək imkanı vermir) cinayət məsuliyyətinə cəlb edilməli, ya səlahiyyətli dövlətdaxili məhkəmədə, ya da Ruanda tribunalına uyğun olaraq yaradılması zəruri hesab edilən ad hoc beynəlxalq tribunal qarşısında cavab verməlidirlər.
Qeyd edək ki, bu, müəllifin xaricdə dərc olunan ilk işi deyil. Zaur Əliyevin beynəlxalq hüququn və insan hüquqlarının aktual problemlərinə həsr olunan məqalələri mütəmadi şəkildə beynəlxalq elmi jurnallarda (Moskva Beynəlxalq Hüquq Jurnalı, Rusiya Beynəlxalq Hüquq İllik Məcmuəsi, Avrasiya Hüquq Jurnalı və s.) işıq üzü görür. Z.Əliyev beynəlxalq hüquq və insan hüquqlarına dair 80-dən çox elmi əsərin müəllifidir, 30 elmi məqaləsi xarici ölkələrdə dərc olunub. Bir sıra elmi əsərləri Strasburqda Avropa İnsan Hüquqları Məhkəməsinin kitabxanasında və Cenevrədə BMT-nin kitabxanasında saxlanılır. Moskvada çap olunmuş “İnsan hüquqlarının beynəlxalq və dövlətdaxili müdafiəsi” adlı dərsliyin və Sankt-Peterburqda çap olunmuş “Beynəlxalq hüquq və konstitusiya hüququ: qarşılıqlı təsir problemləri” adlı kollektiv monoqrafiyanın müəlliflərindən biridir.
Müəllifin Xocalı soyqırımı ilə bağlı ilk məqaləsi 2003-cü ildə işıq üzü görüb. 2013-cü ildə isə Rusiyada Xocalı soyqırımı ilə bağlı məqaləsi dərc olunub. 2017-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən Ankarada təşkil olunmuş “Xocalı soyqırımı, insanlıq əleyhinə cinayətlər və terrorizm” mövzusunda beynəlxalq konfransda məruzə ilə çıxış edərək, Xocalıda törədilmiş əməllərin soyqırımı olduğunu beynəlxalq hüquqi cəhətdən əsaslandırıb.

31 mart 2021-03-30 20:51:00