×
A
A
A
Sazlamalar

Sərhəd tanımayan erməni vandalizmi və beynəlxalq aləmdə onun ifşasının zəruriliyi

Bakı, 30 mart, AZƏRTAC
Ümummilli lider Heydər Əliyev ermənilərin Azərbaycan xalqının başına gətirdiyi faciələrin unudulmaması üçün demişdir: “Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrə və onların məkrli niyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.
Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyev tərəfindən bu qətliama siyasi qiymət verilib. Ulu Öndərin imzaladığı Fərmanla martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bu Fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından, bir növ, proqram sənədidir. Əsrlərboyu azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu Fərmandan sonra hər il martın 31-i ölkəmizdə Azərbaycanlıların Soyqırımı Günü kimi anılır. Bu təqvim son yüz ildə Azərbaycan tarixində baş vermiş faciəli hadisələrin xalqın yaddaşındakı qanlı izlərini özündə əks etdirir. Azərbaycanlıların kütləvi şəkildə qətlə yetirilməsini, repressiyalara məruz qalmasını XX yüzilliyin dünya tarixinin ən qanlı səhifələrindən biri hesab etmək olar. 1918-ci il martın 31-də Bakı kommunası və erməni şovinistləri Azərbaycanda kütləvi qırğınlar, qətliamlar həyata keçirməklə bəşər tarixində misli görünməmiş vəhşiliklər törədiblər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin professoru, politoloq Əlimusa İbrahimov söyləyib. O bildirib ki, Cənubi Qafqaz və Ön Asiya yaylasında çoxluq təşkil edən azərbaycanlıların dəfələrlə öz tarixi torpaqlarından kütləvi şəkildə köçürülməyə, qovulmağa məruz qaldıqları haqqında məlumatlar inkarolunmaz gerçəkliklərdir. Ermənilərin 1828-1832, 1877-1878, 1905-1907, 1918-1920, 1948-1953 və 1988-ci illərdə törətdikləri çirkin etnik təmizləməyə, qırğın və talanlara, qətliamlara tarix şahidlik edir. XIX əsrin əvvəllərində Qərbi Azərbaycanın (indiki Ermənistanın) ərazisində 73,8 faiz azərbaycanlı, 26,2 faiz isə erməni, kürd, assorilər və digər xalqların nümayəndələri yaşayıblar.1820-ci illərin əvvəllərində İrəvan xanlığında əhalinin 76 faizini, Naxçıvanda 86,5 faizini, Qarabağda isə 91 faizini azərbaycanlı müsəlmanlar təşkil edib. 1826-1828-ci illərdə yalnız İrandan Azərbaycan torpaqlarına 18 min erməni ailəsi köçürülüb. Tarixi mənbələrdə göstərilir ki, 1826-cı ildən 1830-cu ilədək Zaqafqaziyaya 40 min İran və 84 min Türkiyə ermənisi köçürülüb. Bu ermənilər həmin illərdə Qərbi Azərbaycan mahallarının 522 azərbaycanlı kəndinin 310-dan azərbaycanlı əhalisini zorla qovub çıxarıblar. Bütün bunlar onu göstərir ki, bu gün bizim ildönümünü qeyd etdiyimiz 31 mart soyqırımına qədər də ermənilər tərəfindən azərbaycanlılara qarşı bənzər hadisə və ya ondan da dəhşətlisi törədilib. 1918-ci il 31 mart soyqırımından sonra da bu hadisələr davam etdirilib. 1992-ci ildə Xocalı soyqırımı isə insanlığa qarşı ən qəddar cinayətdir.
“Ermənilər hər dəfə millətimizin başına müsibət açır, bizim ərazilərimiz hesabına sərhədlərini genişləndirir. Sonradan özlərini yaxın verərək bizimlə birgə yaşamağı davam etdirirlər. Bununla, eyni zamanda, onlar müəyyən müddətdən sonra öz çirkin əməllərini davam etdirir, yeni qırğınlar törədir, torpaqlar işğal edirdilər. Bu, nə vaxta qədər davam edəcək? Erməni vandalizminə son qoyulmayacaqmı? Həqiqətənmi Azərbaycan xalqı öz qan düşmənini bu cür asanlıqla unudur? Təbii ki, bütün bu suallara 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu tutarlı cavab verdi. Bu cavab Azərbaycan xalqının başına gətirilən müsibətlərə verilən qiymət idi. Bununla erməni qəsbkarları 300 illik tarixboyu rastlaşmadıqları bir müqavimətə rast gəldilər. Bu, mərd xalqın ədalətli müharibəsi idi. Bu müharibə ermənilərin bizə qarşı həyata keçirdiyi soyqırımın qisasının tam alınması anlamına da gəlməməlidir. Bu müharibə xalqımızın tarixində dönüş nöqtəsidir.
Biz 31 mart, Xocalı soyqırımlarını unutmamalıyıq, unutdurmamalıyıq, Biz ermənilərin imkan tapan kimi yenə soyqırımı törətməyə çalışacaqlarını yadda saxlamalı və bu imkanı onlara verməməliyik. Dövlətimiz və Prezidentimizin ətrafında daha sıx birləşməliyik”, - deyə Ə.İbrahimov bildirib.

Elm və təhsil 2021-03-30 16:22:00