×
A
A
A
Sazlamalar

Tovuz rayonunda dələduzluq edən şəxslər cinayət məsuliyyətinə cəlb olunublar

Bakı, 30 mart, AZƏRTAC
Tovuz rayonunda şəhid ailəsinin etimadından sui-istifadə etməklə dələduzluğa yol verməkdə təqsirləndirilən şəxslər saxlanılıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, dələduzluq etməkdə şübhəli bilinən Xatınlı kənd sakini Əhməd Əhmədov və qardaşı - “qaynar-xett.az” saytının təsisçisi Zaur Əhmədov Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının rayon sakinindən daxil olan müraciət əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, onlar Vətənin müdafiəsi uğrunda şəhid olmuş hərbi qulluqçunun ailəsi ilə əlaqə saxlayıb, valideynlərindən şəhidin sosial sığortası üçün ayrılmış vəsaitin miqdarının artırılması, adının əbədiləşdirilməsi, barəsində kitab və jurnallar dərc edilməsi, habelə yerli televiziya kanallarında verilişlər hazırlanacağını bildirərək, hissə-hissə olmaqla ümumilikdə 1850 manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçiriblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsinin (Dələduzluq) müvafiq bəndi ilə cinayət işi başlanıb. Həmin şəxslərin əməllərindən zərərçəkən başqa vətəndaşlar olarsa, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzinə, Tovuz Rayon Polis Şöbəsinə və ya ərazi üzrə polis idarə, şöbə və ya bölmələrinə müraciət edə bilərlər.

Hadisə 2021-03-30 13:33:00