×
A
A
A
Sazlamalar

Akkan Suver: 31 mart soyqırımı ermənilərin əsl simasını və xislətini ortaya qoydu

İstanbul, 29 mart, AZƏRTAC

1918-ci il 31 mart tarixi erməni qəddarlığının daha bir bariz nümunəsidir.
Bunu AZƏRTAC-a açıqlamasında Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri, professor Akkan Suver bildirib.
Martın 31-də törədilən hadisələrin Bakı və ətraf bölgələrdəki azərbaycanlıların məhv edilməsi məqsədilə həyata keçirilən soyqırımı olduğunu xatırladan A.Suver deyib: “1918-ci il martın 31-də isə S.Şaumyanın rəhbərlik etdiyi qondarma Bakı Sovetinin əli ilə təxminən 12 min azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Ermənilər Qafqazda əhalisinin böyük əksəriyyətini təşkil edən müsəlman azərbaycanlılar üzərində demokratik yolla hakimiyyət əldə edə bilməyəcəklərini başa düşdükləri üçün martın 31-də və aprelin 4-də azərbaycanlılara qarşı soyqırımı həyata keçiriblər. Bu soyqırımının əsas məqsədi azərbaycanlıların etnik təmizlənməsi idi. Bütün türk dünyasının ən ağrılı faciələrindən biri olan 31 mart soyqırımının sovet dövründə dilə gətirilməsinə heç vaxt və heç bir vəchlə icazə verilməyib. Kommunizmin süqutu və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkəmizdə hakimiyyətə gəlməsi ilə bu qanlı hadisələr barədə məlumatların geniş ictimaiyyətə çatdırılmasına başlanıldı. Ulu Öndərin 1998-ci il 26 mart tarixli Sərəncamı ilə martın 31-i Azərbaycanlıların Soyqırımı Günü elan edildi. 103 il əvvəl həyata keçirilən bu soyqırımı və etnik təmizləmə erməni millətinin əsl simasını və xislətini ortaya qoydu”.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

31 mart 2021-03-29 16:10:00