×
A
A
A
Sazlamalar

Nüvə energetikasında qaz qovuqlarının diffuziyasına dair tədqiqat aparılıb

Bakı, 27 mart, AZƏRTAC

Qaz qovuqlarının diffuziyası nüvə energetikasında nəinki reaktorun işinin effektivliyinə, həm dəm də radiasiya təhlükəsizliyinə aid ən vacib tədqiqat mövzulardan biridir.
AZƏRTAC “Nauka i jizn” saytına istinadla xəbər verir ki, Moskva Fizika və Texnologiya İnstitutunun Kondensasiya fizikasında superkompüter metodları laboratoriyasının müdiri Vladimir Steqaylovun rəhbərliyi ilə elmi müəssisənin mütəxəssisləri nüvə yanacağında ifrat sürətli qaz diffuziyasının prinsipcə yeni fiziki mexanizmini aşkarlayıblar. Onlar ən böyük atom miqyaslı zamanda - üç mikrosaniyəyədək müddətdə uran dioksidində müxtəlif konsentrasiyalı ksenon nanoqovuqlarının yerdəyişməsi modelini hazırlaya biliblər. Bu, superkompüterin gücündən və müasir proqramlaşdırma kodlarından optimal şəkildə istifadə edilməsi sayəsində reallaşıb. Belə rekord molekulyar-dinamik hesablamalar nəticəsində qovuğun Broun hərəkətini bilavasitə müşahidə etmək və diffuziyanın prinsipcə yeni mexanizmini aşkarlamaq mümkün olub.
Əvvəllər fiziklər hesab edirdilər ki, qazın konsentrasiyası nə qədər yüksək olarsa, diffuziya prosesi bir o qədər asta gedər, çünki qaz qovuğun səthində dioksidin hərəkətinə mane olur. Moskva Fizika və Texnologiya İnstitutundan olan tədqiqatçılar göstərdilər ki, müəyyən konsentrasiyaya çatanda qaz yüksək təzyiq nəticəsində kristal qəfəsin atomlarını düyünlərarası mövqeyə itələyir. Orada yığılan atomlar qovuq ətrafında sürətlə yerini dəyişən klasterlər yaradır. Qovuq və atom klasterləri bir-birini dövri surətdə itələyərək, qovuğun özündən də çox sürətlə hərəkət edir. Beləliklə, yeni effekt yaranır – diffuziya prosesi qazların özü ilə sürətləndirilir. Bu, nüvə yanacağından qazın anomal sürətlə çıxmasını aydınlaşdırmağa kömək edər və müvafiq halda nəzəriyyə ilə eksperiment arasında ayrılığı aradan qaldırar.
Tədqiqatın nəticələri “Journal of Nuclear Materials” nəşrində dərc edilib.

Texnologiya 2021-03-27 12:48:00