×
A
A
A
Sazlamalar

Soydaşlarımız Avstraliya parlamentini erməni diasporunun irqi ayrı-seçkilik salan siyasi ritorikasını pisləməyə çağırıblar

Kanberra, 18 mart, AZƏRTAC

Avstraliyada yaşayan azərbaycanlıların təşəbbüsü ilə martın 17-dən Avstraliya parlamentinin rəsmi saytında "Milli, etnik, dini qruplaşmaların öz münaqişələrini Avstraliyaya gətirməməsi" adlı petisiya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, petisiyada Avstraliya parlamentinin üzvlərinə Azərbaycan həqiqətləri barədə ətraflı məlumatlar çatdırılıb. Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal altında saxlaması, BMT-nin bu işğalı pisləyən 4 qətnamə ilə çıxış etməsi, azərbaycanlılara qarşı dəhşətli etnik təmizləmə və təcavüzkar siyasət aparması, bir milyona yaxın azərbaycanlının doğma evlərindən didərgin salması, ötən il antiterror əməliyyatı nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və s. barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bəzi ştatların hökumətləri ölkə vətəndaşlarının zəruri tələbatları ilə məşğul olmaq yerinə, vəzifələrindən kənar məsələlərin müzakirəsi ilə məşğuldurlar. Petisiyada deyilir: "Əmin olmaq istəyirik ki, heç bir avstraliyalı siyasətçi erməni millətçiliyinin təsiri altında deyil və bizə, etnik mənsubiyyətimizə və mənşəyimiz olan ölkələrə iblis münasibəti göstərməyəcək".
Soydaşlarımız parlamentin üzvlərini milli-etnik qrupun gündəmə gətirməyə çalışdığı, Avstraliyanın siyasi mövqeyinə zidd və etirazlara səbəb olan irqçi, zərərli ayrı-seçkilik salan siyasi ritorikanı pisləməyə çağırıblar.
Qeyd edək ki, Avstraliyada yaşayan soydaşlarımızı bu addımı atmağa sövq edən isə Sidney və Melburn şəhərlərində yaşayan ermənilərin yolverilməz və qəbuledilməz hərəkətləri olub. Azərbaycanın Vətən müharibəsində parlaq Qələbəsini heç cür həzm edə bilməyən erməni diasporu Qarabağda qeyri-qanuni fəaliyyət göstərmiş qondarma “Arsax respublikası”nın tanınması barədə məktubla Avstraliyanın Baş naziri Skott Morrisona, Xarici İşlər naziri Meris Peynə və XİN-in aparat rəhbərinə müraciət ediblər.
Ermənistanın Avstraliyadakı Milli Komitəsinin “Facebook” sosial şəbəkəsindəki səhifəsində yaydığı məlumata əsasən, Avstraliya parlamentinin və ermənilərin "dostluq qrupu"nun üzvü olan Con Aleksandr və Tim Vilson məktubu şəxsən Baş nazirə təqdim ediblər. Bundan əlavə, erməni diasporu “Arsax respublikası”nın beynəlxalq arenada tanınması məqsədilə petisiya ilə çıxış edib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Diaspor 2021-03-18 20:45:00