×
A
A
A
Sazlamalar

Nilin sahilində Bahar Çiçəkləri Festivalı açılıb - Fotoreportaj

Qahirə, 15 mart, AZƏRTAC

Misir paytaxtının Giza rayonunda, Nil çayının sahilində ənənəvi Bahar Çiçəkləri Festivalı açılıb. AZƏRTAC-xəbər verir ki, Qahirə sakinləri və turistlərin böyük marağına səbəb olan festival 1875-ci ildə Osmanlı valisi Xedir İsmayıl Paşanın göstərişi ilə fransız botaniki Jan Pyer Deşampın saldığı məşhur Orman bağında təşkil edilib. Misir paytaxtının Parisin arxitekturası üslubunda tikilmiş yaraşıqlı binaları və Təhrir meydanı da onun valiliyi dövrünə aiddir. 1917-ci ildə 28 hektar ərazidə salınan Orman bağı ictimai botanika bağına çevrilib və burada 1200 ağac əkilib.
Festivala gələnlərə son illərdə səhradan gətirilən 1400 ədəd ağac və kol, həmçinin nadir çiçək nümunələri təqdim edilib. Onların arasında müxtəlif sort qızılgül, kaktus və lotus çiçəkləri də var. Ağac, kol və çiçəklər xüsusi cərgə ilə, ornamentlər şəklində əkilib. Burada hətta Cənubi Amerikadan gətirilmiş tikanlı, hidroponik bitkilər də var. Festivalın təşkilatçıları turistlərə və şəhər sakinlərində dibçəkdə müxtəlif çiçəklər də təqdim edirlər.
Bahar Çiçəkləri Festivalı Qahirədə yay fəslinin başladığı iyunun əvvəlinədək davam edəcək.

Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Bu maraqlıdır 2021-03-15 19:04:00