×
A
A
A
Sazlamalar

Misirdəki diaspor mərkəzində azərbaycanlı tələbələrlə görüş keçirilib

Qahirə, 9 mart, AZƏRTAC
Misirdəki diaspor mərkəzində Qahirənin müxtəlif universitetlərində bakalavr və magistr təhsili alan azərbaycanlı tələbələrlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə “Vətənpərvər” Misirdə Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov Azərbaycan həqiqətlərinin Misir və qonşu ərəb ölkələrinin ictimaiyyətinə çatdırılması, 44 günlük Vətən müharibəsi və Ordumuzun şanlı Qələbəsi barədə obyektiv məlumatların yerli media orqanlarında yayılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib. O bildirib ki, azərbaycanlı gənclərin təhsil aldıqları universitetlərdə həmyaşıdlarını bu sahədə məlumatlandırması, həmçinin sosial şəbəkələrin ərəb seqmentində Azərbaycan haqqında rəsmi materialların yayılması da böyük əhəmiyyət kəsb edir. Bundan başqa, Misir kitabxanalarında aparılan tədqiqatlar nəticəsində ermənilərin bu ölkəyə, habelə bütün ərəb dünyasına qarşı təxribatlarını sübut edən mənbələr də universitet kürsüləri və sosial media vasitəsilə daha geniş yayılmalıdır. Eyni zamanda, Azərbaycanın tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətlərinin tanıdılması istiqamətində də fəal iş aparılır. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi münasibətilə Misirdə keçirilən silsilə tədbirlərdə diaspor nümayəndələri, o cümlədən azərbaycanlı gənclər də fəal iştirak edirlər.
Görüşdə çıxış edən tələbələr təhsildə qazandıqları uğurlar, oxuduqları universitetlərdə, habelə sosial şəbəkələrdə Azərbaycan həqiqətlərinin təbliği istiqamətində fəaliyyətlərindən bəhs ediblər.
S.Nəsirov azərbaycanlı tələbələrin problemləri ilə maraqlanıb, onlara uğurlar arzulayıb.


Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Diaspor 2021-03-09 12:43:00