×
A
A
A
Sazlamalar

Katsuhiko Sakai: JIJI PRESS agentliyi Azərbaycan həqiqətlərinin Yaponiya mətbuatında daha geniş yayılması üçün əməkdaşlıqda maraqlıdır

Tokio, 5 mart, AZƏRTAC

JIJI PRESS informasiya agentliyi Azərbaycan həqiqətlərinin Yaponiya mətbuatında daha geniş yayılması üçün əməkdaşlıqda maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir JIJI Press informasiya agentliyinin prezidenti Katsuhiko Sakai ilə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə arasında keçirilən görüş zamanı səsləndirilib.
Səfirliyin təşəbbüsü ilə təşkil edilən görüşdə səfir Azərbaycanın hazırkı vəziyyəti, ölkədə COVID-19 pandemiyasının qarşısının alınması tədbirləri haqqında ətraflı məlumat verib. Azərbaycanda iqtisadi sabitliyi qorumaq üçün Prezident İlham Əliyevin rəhbərliyi altında atılan vacib addımlardan danışan səfir dövlətimizin başçısının pandemiya zamanı, ilk növbədə, xalqın həyat və sağlamlığına prioritet verdiyini vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, onun tarixi aspektləri, eləcə də Xocalı soyqırımı haqqında geniş məlumat da agentliyin prezidentinin diqqətinə çatdırılıb. Həmçinin qeyd edilib ki, Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Rusiya Prezidenti tərəfindən noyabrın 10-da imzalanan birgə Bəyanata əsasən, Azərbaycanın 30 ilə yaxın bir dövrdə Ermənistan tərəfindən işğal olunmuş əraziləri ötən il dekabrın 1-dək azad edilib. Bu ərazilərdən qovulmuş insanlar tezliklə öz ata-baba ocaqlarına qayıdacaqlar. G.İsmayılzadə qarşı tərəfin nəzərinə çatdırıb ki, erməni işğalçıları əraziləri tərk edərkən, burada yerləşən evləri, məktəbləri, meşələri yandırıb, mədəni və dini abidələri məhv edib, qədim Alban kilsələrini talayaraq, dini əşya və atributları Ermənistana daşıyıb. Səfir vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, sarsılmaz iradəsi və Milli Ordumuzun əsgərlərinin igidliyi sayəsində, Azərbaycan Vətən müharibəsində böyük Qələbə qazanıb.
JIJI Press informasiya agentliyi ilə Azərbaycanın əsas informasiya agentliyi olan AZƏRTAC arasında 2015-ci ildə Bakıda imzalanan əməkdaşlıq barədə sazişi xatırladan səfir bunun iki ölkə arasında informasiya mübadiləsinin təşkili üçün geniş imkanlar açdığını bildirib.
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da yerli və beynəlxalq KİV-lər üçün təşkil olunan mətbuat konfransında JIJI PRESS informasiya agentliyinin müxbirinin iştirakı və Xocalı soyqırımı ilə bağlı sualına görə qarşı tərəfə minnətdarlığını ifadə edib.
Verilən məlumatlara görə minnətdarlığını bildirən K.Sakai JIJI PRESS agentliyinin Azərbaycan həqiqətlərinin Yaponiya mətbuatında daha geniş yayılması istiqamətində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
Görüşdə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə JIJI PRESS informasiya agentliyi arasında əməkdaşlığın qurulması perspektivləri də müzakirə edilib.

Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Siyasət 2021-03-05 23:22:00