×
A
A
A
Sazlamalar

Ağcabədili idmançıların iştirakı ilə videokonfrans keçirilib

Ağcabədi, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayon idmançıları İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstəriblər. Döyüşlərdə iştirak edən 21 ağcabədili idmançıdan bir nəfər şəhidlik zirvəsinə ucalıb, dörd nəfər yaralanıb. Döyüşlərdə göstərdiyi şücaətə görə Azərbaycan Prezidentinin sərəncamlarına əsasən, üç nəfər “Cəsur döyüşçü” medalına, digər döyüşçülər isə rayon və şəhərlərimizin azad olunması ilə bağlı medallarla təltif olunublar. Müharibə dövründə Ağcabədi gəncləri və idmançıları orduya göstərdiyi dəstəyə görə hərbi hissə komandirləri tərəfindən fəxri fərmanlara layiq görülüblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Ağcabədidə keçirilən videokonfransda məlumat verilib. Videokonfransda əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Uşaq Gənclər İdman Şahmat Məktəbinin direktoru Rauf Musayev, Vətən müharibəsi iştirakçısı Cavid Allahverdiyev, Taekvondo idman növü üzrə məşqçi-müəllimlər Əli Əliyev və Cəlil Abdullayev idmançıları Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təbrik edib, ölkəmizdə idmanın inkişafına göstərilən yüksək dövlət qayğısından danışıblar.

Regionlar 2021-03-05 21:53:00