×
A
A
A
Sazlamalar

Minskdə Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilmiş tədbir keçirilib

Minsk, 2 mart, AZƏRTAC

Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universiteti nəzdindəki Azərbaycan Dili və Mədəniyyəti Mərkəzində Xocalı faciəsinin 29-cu ildönümünə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçısı Belarus Respublikasındakı Azərbaycan İcmaları Konqresi və Konqresin gənclər təşkilatıdır.
Tədbir iştirakçıları Xocalı qırğını qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Azərbaycan İcmaları Konqresinin sədrinin müavini İlham Hacıyev və Azərbaycan Respublikasının Belarus Respublikasındakı səfirliyinin hərbi attaşesi Elşən Rəhimov bütün Azərbaycan xalqının ağrılı yeri olan Xocalı faciəsi barədə məlumat veriblər.
Görüşün aparıcıları Zaur Qurbanlı və Lamiyə Əmiraslanova tədbirin qonaqlarına Xocalı faciəsinin necə başlanması, Azərbaycanın necə itkilərə məruz qalması barədə tarixi həqiqəti söyləyiblər. Konqresin gənclər təşkilatının üzvləri Qarabağ müharibəsi qəhrəmanlarına həsr edilmiş “Şəhid anası” poemasını səsləndiriblər.
Mərkəzin rəhbəri Şəfiqə Məmmədova erməni separatçılarının törətdiyi bu qanlı qırğın dövründə Xocalıda olmuş litvalı hərbi jurnalist Riçards Lapaytis barədə məlumat verib. Sonra Riçards Lapaytisin çəkdiyi “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. Tədbir iştirakçıları bu filmə baxandan sonra çox mütəəssir olublar.
Xocalı qırğını qurbanlarının xatirəsinə ehsan verilib.

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk 

Xocalı faciəsi 2021-03-02 13:00:00