×
A
A
A
Sazlamalar

Əlcəzair qəzeti Xocalı soyqırımı haqqında geniş məqalə yayıb

Qahirə, 1 mart, AZƏRTAC
Əlcəzairin “Eçoruk” qəzeti Azərbaycanın bu ölkədəki müvəqqəti işlər vəkili İlham Əliyevin Xocalı soyqırımı haqqında geniş məqaləsini dərc edib.
AZƏRTAC xəbər verir ki, məqalədə əlcəzairli oxuculara XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı qırğını haqqında ətraflı məlumat verilib. Müəllif beynəlxalq mətbuatda dərc edilmiş məqalələr, qanlı faciənin şahidlərinin söylədikləri və erməni siyasətçilərin öz etiraflarına əsaslanaraq Xocalı şəhərində yaşlı, qadın və uşaqlara qarşı törədilmiş vəhşiliklərdən bəhs edib. O vurğulayıb ki, ermənilərin əsas məqsədi işğal etdikləri ərazilərdə etnik təmizləmə siyasəti aparmaq, azərbaycanlıları öz doğma yurdlarından didərgin salmaq olub.
Məqalədə diqqətə çatdırılıb ki, Azərbaycan bu cinayətin beynəlxalq konvensiyaların, xüsusən 1949-cu il Cenevrə Konvensiyasının şərtlərinin kobud şəkildə pozulması kimi qiymətləndirir və onu törədənlərin cəzalandırılmasını tələb edir.
Sonda vurğulanıb ki, Azərbaycan Ordusu 44 günlük müharibə zamanı torpaqlarını erməni işğalından qurtarıb, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq öz ərazi bütövlüyünü təmin edib. Bu Zəfərlə Xocalı soyqırımı qurbanlarının intiqamı alınıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə

Xocalı faciəsi 2021-03-01 14:40:00