×
A
A
A
Sazlamalar

Argentinada Xocalı soyqırımının 29-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Bakı, 1 mart, AZƏRTAC
Argentinada Xocalı soyqırımının 29-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, videokonfrans formatında keçirilmiş tədbirdə çıxış edən səfir Rəşad Aslanov işğaldan öncə 7 min nəfər əhalisi olan Xocalının regionda yeganə mülki hava limanına malik olmaqla mühüm kommunikasiya mərkəzi, həmçinin tarixi-mədəni abidələrlə zəngin şəhər olduğunu qeyd edib. Xocalını işğal etməklə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ regionunun digər ərazilərini də işğal etmək üçün strateji üstünlük əldə etmək, maddi-mədəniyyət abidələrini yox etmək, eləcə də azərbaycanlıların psixoloji cəhətdən əzmini qırmaq məqsədini güddüyünü vurğulayan R.Aslanov 1992-ci ilin 25 fevral tarixindən 26 fevral tarixinə keçən gecədə baş verənlərin bəşəriyyət əleyhinə törədilmiş ən amansız və vəhşicəsinə həyata keçirilmiş soyqırımlarından biri olduğunu diqqətə çatdırıb.
İnsanlıq əleyhinə cinayət kimi xarakterizə edilən Xocalı soyqırımına dair aparılmış rəsmi araşdırmaların Xocalıda törədilən əməllərin beynəlxalq hüquq, xüsusilə “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiya”da da əks edildiyi kimi soyqırımı cinayəti kimi töfsiv edilməsini təmin etdiyini deyən diplomat mülki əhaliyə qarşı törədilmiş əməllərin həm də beynəlxalq humanitar hüququn prinsipləri və insan hüquqlarına dair beynəlxalq sənədlərin kobudcasına pozulması olduğunu əlavə edib.
Ermənistanın o vaxtkı hərbi-siyasi rəhbərliyinin cəzasız qalmasının ağır nəticələrinə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsi dövründə də məruz qaldığını bildirən R.Aslanov döyüş əməliyyatlarının getdiyi cəbhə bölgəsindən xeyli aralıda yerləşən, Azərbaycanın Gəncə, Bərdə, Tərtər kimi şəhərlərinin mülki əhalisini və mülki infrastrukturunu məqsədli şəkildə hədəfə alan Ermənistanın 1992-ci ildə olduğu kimi, 2020-ci ildə də eyni qəbildən olan terror taktikasına əl atdığını və bu dəfə artıq müasir növ zirehli silahlar və raket qurğularından istifadə edərək çoxsaylı dinc azərbaycanlının qətlə yetirilməsinə səbəb olduğunu diqqətə çatdırıb. Diplomat istər 1992-ci il Xocalı soyqırımı, istərsə də 2020-ci ildə mülki əhalinin bombardmanının Ermənistanın azərbaycanlılara qarşı apardığı məqsədyönlü zorakılıq siyasətini aşkarcasına nümayiş etdirdiyini əlavə edib.
Səfir heç bir faciənin xalqımızın mübarizə əzmini qıra bilmədiyini, 30 ildən sonra Azərbaycan Respublikasının Prezidenti və Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair qətnamələrini icra edərək işğal altındakı ərazilərimizi azad etdiyini, bir milyona yaxın azərbaycanlının torpaq həsrətinə son qoyulduğunu deyib.
Daha sonra çıxış edən La Plata Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi, professor Paulo Botta Azərbaycana səfəri zamanı cəmiyyətimizdə müşahidə etdiyi təəssüratlarını bölüşərək, Azərbaycanın “keçmişi unutmadan gələcəyə baxmaq” konsepsiyasının ən parlaq nümunələrindən olduğunu bildirib və bu tarazlığın qorunmasının ölkəmizin hərtərəfli inkişafında rolundan bəhs edib.
Azərbaycanın qisas axtarışında deyil, ədalət tələb etdiyini deyən R.Aslanov regionda və Azərbaycanda müharibədən sonrakı vəziyyət, Azərbaycanın yeni reallıqlar fonunda əməkdaşlığa dair baxışları barəsində məlumat verib və sualları cavablandırıb.
Sonda Heydər Əliyev Fondu tərəfindən hazırlanmış sənədli film ispan dilində alt-yazı ilə iştirakçılara təqdim edilib.

Xocalı faciəsi 2021-03-01 13:45:00