×
A
A
A
Sazlamalar

Xocalı faciəsi ilə bağlı Budapeştdə təşkil edilən tədbirdə üç müxtəlif din xadimi dua oxuyub

Budapeşt, 1 mart, AZƏRTAC
Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) Budapeştin mərkəzində Dunay çayı kənarında “Qəmgin tank” abidəsinin qarşısında Xocalı faciəsinin 29-cu ildönümü münasibətilə tədbir təşkil edib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) və Macarıstandakı Azərbaycan səfirliyinin dəstəyi ilə baş tutmuş tədbiri MAGB-nin İdarə Heyətinin üzvü Rəşad Mehbaliyev açıb, Xocalı faciəsinin xalqımızın tarixində dərin izlər buraxdığını qeyd edib və bu hadisə qurbanlarının statistikası barədə iştirakçıları məlumatlandırıb.
Açıq hava altında baş tutmuş bu tədbirdə daha sonra Xristianlıq, İudaizm və İslam qaydalarına əsasən dualar oxunub. Hər üç din təmsilçisi Macarıstan vətəndaşları olub: Xristianlıq duasını Subyektiv Dəyərlər Fondunun prezidenti Marçel Lörinç, İudaizm duasını Macarıstan Yəhudi İcmaları Assosiasiyasının əməkdaşı Tamaş Deşi, İslam duasını isə Macarıstan İslam Cəmiyyətinin imamı Yakab Cörc edib. Macar qonaqlar Xocalı faciəsinin dəhşətləri barədə biliklərini və bu hadisə barədə dərin təəssüf hisslərini iştirakçılar ilə paylaşıblar. Onlar azərbaycanlıların multikultural yanaşmasından, hazırda Azərbaycanda müxtəlif dini və etnik köklərinə baxmayaraq, insanların sülh şəraitində yaşamasından xəbərdar olduqlarını bildiriblər.
Bazar günü Budapeşt sakinlərinin sevimli istirahət bulvarında yerləşən Qəmgin tank abidəsinin qarşısında qurulmuş Xocalı faciəsi stendinə yüzlərlə insan baxıb, bir çox ziyarətçi yaxınlaşaraq təşkilatçılardan faciə barədə daha ətraflı məlumatlar alıb və belə yaxın keçmişdə hələ də soyqırımın baş verməsindən dolayı dərin təəssüf hisslərini ifadə ediblər. Tədbir məkanını ziyarət edən soydaşlarımız və macarlar Xocalı qurbanlarının xatirəsinə şam yandırıblar və güllər qoyublar. Bütün tədbir iştirakçıları bəşəri dəyərlərin, sülhün və sabitliyin qorunmasının vacibliyini, yaxşı qonşuluq siyasətinin əhəmiyyətini ifadə ediblər.

Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt

Xocalı faciəsi 2021-03-01 12:49:00