×
A
A
A
Sazlamalar

Moldova mətbuatında Xocalı soyqırımından bəhs edən məqalə yayımlanıb

Kişineu, 28 fevral, AZƏRTAC

Moldovanın “Tribuna.md”, “Ava.md” xəbər portallarında Xocalı soyqırımının 29-cu ildönümü ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın Moldovadakı səfiri Qüdsü Osmanovun müəllifi olduğu məqalədə Xocalı soyqırımının insan və bəşəriyyət əleyhinə cinayət olduğu qeyd edilib. Bildirilir ki, Azərbaycan xalqına qarşı düşünülmüş şəkildə Ermənistanın hakim dairələri tərəfindən ən dəhşətli və ağlasığmaz üsullarla həyata keçirilmiş Xocalı soyqırımı bəşər tarixinə ən ağır cinayətlərdən biri kimi daxil olub. Ermənilərin törətdiyi bu soyqırımı Xatun, Xirosima, Naqasaki cinayətləri ilə bir sırada durur.
Səfir məqaləsində Xocalı soyqırımının şahidi olan xarici jurnalistlərin fikirlərinə geniş yer ayıraraq bu faciə haqqında dünya mətbuatında kifayət qədər məlumatların yayıldığını yazıb. Artıq bir çox dövlətlər Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində dünya ictimaiyyəti soyqırım haqqında daha müfəssəl məlumatlar əldə edib.
Məqalədə, həmçinin Xocalıda törədilmiş kütləvi qırğının əsas təqsirkarları, o cümlədən Ermənistanın indiki keçmiş prezidentləri Serj Sarkisyan, Robert Koçaryan, erməni terroru ideoloqlarından biri Zori Balayan və digərlərinin soyqırımı haqqında etirafları da yer alıb.

 

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Xocalı faciəsi 2021-02-28 08:18:00