×
A
A
A
Sazlamalar

Trtdeutsch.com saytında Xocalı soyqırımı haqqında daha bir məqalə yerləşdirilib

Berlin, 28 fevral, AZƏRTAC
Trtdeutsch.com internet səhifəsində nəşrin redaktoru və analitiki Əli Özkökün "Dağlıq Qarabağ münaqişəsi: Xocalı qətliamından 29 il sonra" başlığı ilə məqaləsi dərc edilib. (https://www.trtdeutsch.com/news-welt/berg-karabach-konflikt-29-jahre-nach-massaker-von-chodschali-4570701)
AZƏRTAC xəbər verir ki, məqalədə müəllif 29 il əvvəl erməni qoşunlarının Azərbaycanın Xocalı şəhərinə daxil olması nəticəsində baş verən dəhşətli hadisələri xatırladır.
Özkök materialında, eyni zamanda, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənovun “TRT German” nəşrinə diplomatın köçkünlərə verilən əzablardan bəhs etdiyi müsahibəsinə də toxunur. Səfir çıxışında azərbaycanlı qaçqınların uzun müddət necə çətin şəraitdə yaşamalı olduqlarını xatırladıb. "İnsanlar çadırlarda yerləşdirildi, çünki sığınacaqları və evləri yox idi, axı o illərdə Azərbaycanda bu gün onlar üçün yaradılan şərait yox idi".
“Bu günə qədər Azərbaycan bu qətliamı beynəlxalq birliyin insanlığa qarşı cinayət və soyqırımı kimi qiymətləndirməsini tələb edir. Bu qırğın 1992-ci ildən 1994-cü ilə qədər Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan və Ermənistan arasında tüğyan edən müharibədə ən qanlı hadisələrdən biri idi. Azərbaycanda münaqişənin nəticələri bu gün də hiss olunur. Bir milyondan artıq vətəndaş məcburi köçkün hesab olunur, çünki onlar dağıntılar və minalar üzündən hələ ki, Ermənistan tərəfindən yaxın zamanlara qədər işğal olunmuş doğma şəhər və kəndlərinə qayıda bilmirlər.
Ötən il Azərbaycan bir sıra ərazilərini azad etməyə nail olub. Hazırda sülhməramlı missiyanın tərkibində 2000-ə yaxın rusiyalı hərbçi atəşin dayandırılmasını müşahidə edir. Regionda Türkiyə - Rusiya birgə Monitorinq Mərkəzi də fəaliyyət göstərir. Dağlıq Qarabağ regionu beynəlxalq hüquqa görə Azərbaycana məxsusdur. Ermənistan Rusiyaya öz müdafiəçisi kimi güvənir, Azərbaycan isə digər tərəfdən Türkiyəyə yaxın müttəfiq kimi baxır", - deyə müəllif məqalədə qeyd edir.


Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin

Xocalı faciəsi 2021-02-28 05:40:00