×
A
A
A
Sazlamalar

Estoniyada da Xocalı qurbanlarının xatirəsi yad olunub

Tallin, 28 fevral, AZƏRTAC

Estoniyanın paytaxtı Tallin şəhərində fəaliyyət göstərən Azərbaycan Evində Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş sərgi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycanın və Türkiyənin Estoniyadakı səfirləri Murad Nəcəfbəyli və İnan Özyıldız, Estoniya parlamentinin deputatları, yerli ictimaiyyətin, milli azlıqların nümayəndələri, eləcə də Estoniyada yaşayan və təhsil alan soydaşlarımız iştirak ediblər.
Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Estoniya-Azərbaycan Mədəniyyət Mərkəzinin sədri Niyazi Hacıyev tədbiri giriş sözü ilə açaraq, erməni separatistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətindən danışıb, bu siyasətin səbəb olduğu Xocalı qətliamı barədə ətraflı məlumat verib.
Tədbirdə çıxış edən Türkiyənin səfiri İnan Özyıldız Xocalı soyqırımını XX əsrin ən böyük faciələrindən biri adlandırıb, Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətləri və uzun illər davam etdirdiyi işğalçılıq siyasətini qəti şəkildə pisləyib.
Səfir Murad Nəcəfbəyli ötən əsrin əvvəllərindən başlayaraq ermənilərin azərbaycanlılara qarşı müntəzəm etnik təmizləmə və soyqırımı siyasəti həyata keçirdiklərini xatırladıb. Xocalı soyqırımını həmin siyasətin ən qanlı səhifəsi adlandıran diplomat bildirib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq maarifləndirmə kampaniyası öz nəticələrini verməkdədir.
Tədbir Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımı ilə bağlı hazırlanan qısametrajlı filmin nümayiş olunması ilə davam edib.
Sonda Azərbaycan səfiri ölkəmizin Milli Atlasını Azərbaycan Evinə hədiyyə edib.
Xocalı soyqırımının dəhşətlərini əks etdirən rəsm əsərlərinin nümayiş olunduğu sərgi martın 5-dək davam edəcək.

Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tallin

Xocalı faciəsi 2021-02-28 01:05:00