×
A
A
A
Sazlamalar

Prezident İlham Əliyevin mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi

Bakı, 27 fevral, AZƏRTAC
Fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransı ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Xatırladaq ki, 4 saatdan çox davam edən mətbuat konfransında dünyanın aparıcı kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər. Dövlətimizin başçısı 35-dən çox media nümayəndəsinin 50-yə yaxın sualına ətraflı cavab verdi. Bu cavablarda Azərbaycan həqiqətləri ilə yanaşı, dünya ictimaiyyətinə olduqca mühüm mesajlar da çatdırıldı. Azərbaycanın birmənalı mövqeyi yenidən ortaya qoyuldu, dövlətimizin və regionun gələcəyi ilə bağlı konkret istiqamətlər göstərildi.
Mətbuat konfransının xalqımız üçün olduqca önəmli bir gündə - Xocalı soyqırımının 29-cu ildönümündə keçirilməsi xüsusi önəm daşıyırdı. Prezident aparıcı xarici media orqanlarının diqqətini növbəti dəfə Ermənistanın Azərbaycana qarşı soyqırımı siyasətinə yönəltdi, Xocalı ilə bağlı gerçəklikləri bir daha bütün dünyaya bəyan etdi. Dövlətimizin başçısı sualları yüksək diplomatik məharət, natiqlik nümayiş etdirərək, səlis, təfərrüatlı, dəqiqliklə, məntiqlə, tam əsaslandırılmış şəkildə, özü də müxtəlif dillərdə cavablandırdı. Prezidentin bu peşəkar xüsusiyyətləri xarici media nümayəndələrində, sözün həqiqi mənasında, heyrət doğururdu. Bunu Böyük Britaniyadan olan müstəqil jurnalistin sözləri də sübut edir: “Cənab Prezident, bizi bura dəvət etdiyinizə görə Sizə təşəkkür edirik. Düşünürəm ki, mətbuat konfransının uzunluğuna görə Siz artıq dünya rekorduna imza atmısınız. Mən 25 ildir jurnalistika ilə məşğul oluram, ancaq hər hansı bir Prezidentin 4 dildə bu cür mətbuat konfransı aparmasının şahidi olmamışdım”.
Azərbaycan Prezidentinin bu mətbuat konfransı ölkəmizin beynəlxalq informasiya məkanındakı mühüm qələbəsidir desək yanılmarıq. Mətbuat konfransında dünyanın çoxsaylı nüfuzlu media qurumlarının təmsil olunması, Prezidentə ünvanlanan suallar 44 günlük Vətən müharibəsindən sonra Azərbaycana artan maraqdan xəbər verirdi. Bu, bir faktdır ki, İkinci Qarabağ müharibəsindən sonra ölkəmizə gələn, xüsusilə işğaldan azad edilmiş ərazilərdə vəziyyəti işıqlandıran xarici jurnalistlərin sayı daha da artıb. Əvvəllər isə məlum olduğu kimi, mənzərə tam fərqli idi. Haqlı olduğumuz halda haqsız duruma düşürdük. Dövlətimizin başçısı bu məsələni şərh edərək dedi: “Uzun illər lazım oldu ki, biz dünyanın fikrini dəyişdirə bilək, həqiqətləri təqdim edə bilək. Açıq-aydın olan həqiqətləri təsdiq etmək üçün, onları sübut etmək üçün görün biz nə qədər səy göstərdik. Stereotip isə belə idi ki, Ermənistan daim haqlıdır. Nə etsə də yenə də onlara haqq qazandırırdılar. Baxın, son bir-iki il ərzində Ermənistanda nə qədər müxalifət lideri həbs edildi. Nə qədər insan öz hüquqlarından məhrum edildi. Hətta siyasi qətllər də baş verdi. Hansısa bir beynəlxalq təşkilat onları qınadımı? Yox. Onlara hər şey etmək mümkündür. Biz isə haqlı olduğumuzu döyüşərək sübut etməyə çalışırdıq və buna nail olduq”.
Azərbaycan Prezidentinin qeyd etdiyi kimi, dünya mətbuatının ölkəmizə münasibəti artıq dəyişir. Əvvəllər Azərbaycan həqiqətləri ilə bağlı susqunluq nümayiş etdirən xarici KİV-lər indi mövcud reallığı öz gözləri ilə görür və qiymət verir. Əlbəttə ki, bu, müharibədə Azərbaycanın qazandığı tarixi Zəfərlə yanaşı, dövlətimizin başçısının 44 gün ərzində xarici KİV-lərə 30-dan artıq müsahibə verməsinin nəticəsidir. Həmin müsahibələrdə dövlətimizin başçısı Ermənistanın işğalçılıq siyasətinin əsl təcavüzkar mahiyyətini ifşa etdi ki, bu da informasiya müharibəsində ermənilərə ən böyük zərbə oldu, Azərbaycana qarşı qərəzli fikirlər müsbətə doğru dəyişməyə başladı. Yəni, haqlı ikən haqsız duruma düşdüyümüz vəziyyət artıq arxadan qalxıb, indi situasiya tam fərqlidir. Azərbaycan Prezidentinin ötən illər ərzində həyata keçirdiyi uğurlu siyasət, hücum diplomatiyası bütün cəbhələrdə vəziyyəti ölkəmizin xeyrinə dəyişib.
Mətbuat konfransında dövlətimizin başçısına ünvanlanan suallar onu göstərdi ki, bir çox qlobal məsələlərlə bağlı Azərbaycanın sözünə qulaq asmaq, ölkəmizin proseslərə münasibətini öyrənmək istəyən auditoriyanın coğrafiyası genişlənib. Bu da onunla əlaqədardır ki, artıq regionda yeni reallıq yaranıb. Bu reallığı Azərbaycan yaradıb. Dünya mediasının da əsas diqqəti bu reallığa yönəlib. Bu gün dünyanın aparıcı media qurumları regionda baş verən hadisələrin şərhini məhz Azərbaycan Prezidentindən almağa çalışır, real vəziyyətə dair informasiyanı ölkəmizdən əldə edir. Çünki bütün dünya şahidi oldu ki, Azərbaycan məhz öz gücü, iradəsi hesabına erməni işğalına son qoydu, torpaqlarını qaytardı, öz ərazi bütövlüyünü bərpa etdi. Əlbəttə ki, bu, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi, qətiyyəti, müdrikliyi sayəsində baş verdi. Bütün bunlar beynəlxalq miqyasda Azərbaycana, onun Prezidentinə olan hörməti daha da artırdı.
Mətbuat konfransı işğaldan azad edilmiş ərazilərimizdə ermənilərin törətdikləri vəhşiliklərin xarici media vasitəsilə dünya ictimaiyyətinə çatdırılması baxımından da çox önəmli idi. Dövlətimizin başçısı Azərbaycanın azad edilmiş torpaqlarında ermənilərin törətdikləri dağıntılar barədə ətraflı məlumat verdi, erməni vandalizminin iç üzünü bir daha açdı. Bundan başqa, Prezident azad edilmiş ərazilərdə görülən bərpa-quruculuq işləri barədə də ətraflı məlumat verdi.
Onu da xatırladaq ki, Prezident İlham Əliyev hər zaman ilklərə imza atan dövlət başçısı kimi tanınır. Fevralın 26-da keçirdiyi mətbuat konfransı ilə dövlətimizin başçısı daha bir ilkə imza atdı. Bu, Azərbaycan Prezidentinin yerli və xarici media nümayəndələri ilə dörd saatdan artıq davam edən ilk görüşü idi. Dövlətimizin başçısı bu məsələyə toxunaraq dedi: “Mən bilirəm, hərdən yerli jurnalistlər də bir növ gileylənirdilər ki, niyə Prezident Əliyev mətbuat konfransları təşkil etmir, müsahibələr vermir. Mən hesab edirəm ki, hər bir işin öz vaxtı var. Sənin vermək istədiyin bir mesaj varmı və səni dinləyəcək bir auditoriya varmı? Müharibə vaxtı 44 gün ərzində mən 30-dan artıq müsahibə verdim, çünki buna ehtiyac var idi. Mən dünyaya mesajımızı çatdırmaq istəyirdim, mən həqiqəti və mövqeyimizi dünyaya çatdırmaq istəyirdim. Hər gün mən bəyanatlar verirdim, Azərbaycan xalqına müraciətlər edirdim. Çünki buna ehtiyac var idi, xalqımızın buna ehtiyacı var idi, ordumuzun buna ehtiyacı var idi. Bilirəm ki, mənim həmin o müraciətlərim və mesajlarımın ümumi qələbəmizdə böyük rolu olmuşdur”.
Bəli, dövlətimizin başçısı mətbuat konfransında bir çox önəmli mesajlar verdi və onun hər fikrini maraqla dinləyən geniş bir auditoriya var idi. Hər kəs Prezident İlham Əliyevin nə qədər uzaqgörən, müdrik bir siyasi xadim olduğunu bir daha gördü.
Beləliklə, Prezident İlham Əliyevin keçirdiyi mətbuat konfransı Azərbaycan həqiqətlərinin bir daha dünyaya çatdırılması, regionda yaranmış yeni reallıqlara və bölgənin gələcəyi ilə bağlı məqamlara aydınlıq gətirilməsi baxımdan çox uğurlu oldu. Azərbaycan Prezidenti bir daha dünyanın diqqətini özünə cəlb etdi. Bu mətbuat konfransı informasiya cəbhəsində Azərbaycanın mövqeyini daha da gücləndirdi.

Cavid Bədəlov
AZƏRTAC-ın müxbiri

Daxili siyasət 2021-02-27 23:55:00