×
A
A
A
Sazlamalar

Sankt-Peterburqda Xocalı soyqırımının 29-cu ildönümünə həsr olunmuş xatirə gecəsi keçirilib

Sankt-Peterburq, 27 fevral, AZƏRTAC

Sankt-Peterburqda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğu tərəfindən təşkil olunmuş gecədə Rusiyanın şimal paytaxtında akkreditə olunmuş diplomatik korpusun, diasporun nümayəndələri, Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəalları, ictimai və siyasi xadimlər, alimlər, KİV nümayəndələri iştirak ediblər.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımov gecədə çıxış edərək Azərbaycan xalqının tarixində müdhiş faciədən danışaraq deyib: “29 il əvvəl – 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində dəhşətli faciə baş verib: şəhər erməni silahlı dəstələri tərəfindən işğal edilib. Yaylım atəşi ilə başlanan hücum nəticəsində 613 dinc sakin həlak olub, 487 nəfər yaralanıb, 1275 sakin əsir götürülüb, 150 xocalılı itkin düşüb. Dinc əhali xüsusi amansızlıqla məhv edilib. Bu, Azərbaycan xalqına qarşı törədilmiş əsl soyqırımıdır”.
Diplomat xatırladıb ki, 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində dünyanın hər yerində müxtəlif tədbirlər keçirilir. O əlavə edib ki, kampaniya beynəlxalq ictimaiyyətin Xocalı hadisələri barədə daha geniş məlumatlandırılması məqsədi daşıyır. Baş konsul tarixi reallıqların düzgün işıqlandırılmasının və bu dəhşətli cinayəti törədənlərin pislənməsinin önəmini vurğulayıb.
Tədbirin davamında həmvətənlərimiz, Sankt-Peterburqun “Mariinski” teatrının solisti, Azərbaycanın Əməkdar artisti Regina Rüstəmova, David Qoloşyokinin rəhbərlik etdiyi Sankt-Peterburq Caz Filarmoniyasının solisti, Azərbaycanın Əməkdar artisti Həsən Bağırov və Moskvanın Gelikon operasının solisti, Azərbaycanın Əməkdar artisti Elnarə Məmmədovanın ifasında tanınmış bəstəkarların repertuarından operalar və caz-muğam əsərləri səslənib.

 

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri
Sankt-Peterburq

Xocalı faciəsi 2021-02-27 18:28:00